Maduro istefa verməyəcəyini bəyan etdi

Maduro istefa verməyəcəyini bəyan etdi
  25 Yanvar 2019    Oxunub:1905
Venesuela prezidenti Nikola Maduro ölkədə onun hakimiyyətinə qarşı başladılan etirazlar və ABŞ başda olmaqla, digər region ölkələrinin təzyiqlərinə baxmayaraq, istefa verməyəcəyini bəyan edib.

Azvision.az xəbər verir ki, bunu Maduro məhkəmə ilinin açılışına sədrlik etmək üçün Ali Ədalət Məhkəməsində çıxışı zamanı deyib.
O, bildirib ki, müxalifətin istinad etdiyi konstitusiyada ölkə prezidenti ölüm, istefa, vəzifədən kənarlaşdırılma və səhhətində problemlər yarandığı hallarda hakimiyyətdən gedə bilər.

“Mən isə hələ də sağlamam və heç bir şərt altında istefa verməyəcəm. Səlahiyyət müddətimziin bitəcəyi 2025-ci ilədək ölkəmizi xalq çoxluğunun istədiyi şəkildə idarə etməyə davam edəcəyimə zəmanət verirəm. Konstitusiyaya zidd olaraq qanunsuz şəkildə özünü dövlət başçısı elan edən bir kuklanı iş başına gətirərək Venesuelaya müdaxilə etmək istəyirlər. Ölkəmizdə dövlət çevrilişinə və kukla bir hökumətin hakimiyyətə gətirilməsinə icazə verməyəcəyik. Dövlət başçısı olaraq deyirəm ki, Venesuelada hüquq olsun. Hüquq olsun ki, sülh və demokratiya da olsun və bu sosial hüquq dövlətinə hörmət edilsin. Bizim əlimizdə olan respublika da, vətən də heç nə itirməz” – Maduro bəyan edib.

Qeyd edək ki, 23 yanvarda Venesuela parlamentinin (Milli Assambleya) sədri və müxalifət lideri Xuan Quaydo özünü ölkənin prezidenti elan edib. ABŞ başda olmaqla beynəlxalq birliyin əksər aktorları Quaydonun müvəqqəti hakimiyyətini tanıyıb. Rusiya, Çin, İran və Türkiyə isə buna qarşı çıxaraq, Maduroya dəstək veriblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Venesuela  





Xəbər lenti