“Qaçqınkom”da kollegiya iclası keçirilib

“Qaçqınkom”da kollegiya iclası keçirilib
  24 Yanvar 2019    Oxunub:1976
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli diqqəti və qayğısı sayəsində məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 24-də keçirilən növbəti kollegiya iclasında danışılıb.

Qeyd olunub ki, dövlətimizin başçısının apardığı islahatlar nəticəsində məcburi köçkünlərlə iş sahəsində uçot və nəzarətin, ədalət və şəffaflıq prinsiplərinin tam bərqərar edilməsinə yönəldilib. Eyni zamanda Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə, həyat üçün təhlükəli olan, qəzalı bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə yeni mənzillərin ilk növbədə verilməsi barədə tapşırığının icrası davam etdirilir. Ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib, bu yaxınlarda isə Qaradağ rayonunun Ümid qəsəbəsində 300 ailənin yeni mənzillərə köçürülməsinə başlanılıb.

Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı siyasətinin uğurlu nəticəsi kimi indiyədək 102 yeni qəsəbənin salındığını, bu kateqoriyadan olan üç yüz minədək vətəndaşın mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırıldığını qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev 2019-cu ildə də həmin məsələlərin həlli üçün büdcədən böyük vəsait ayrıldığını diqqətə çatdırıb, ayrılan vəsaitdən səmərəli istifadə edilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, dövlətimizin başçısı məcburi köçkünlərlə iş sahəsində vəziyyəti daim nəzarətdə saxlayır və bu işdə hər hansı yanlış və neqativ yanaşmanın təkrarlanmasına yol verilməyəcəkdir.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artrılması üzrə Dövlət Proqramında və Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası sahəsində 2018-ci ildə görülmüş işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, büdcə vəsaiti və investisiya xərcləri hesabına aparılan təmir-tikinti işləri, insan resurslarının idarə edilməsi və digər məsələlər müzakirə olunub, Dövlət Komitəsi kollegiyasının 2019-cu il üçün iş planı təsdiqlənib.
Gündəlikdəki məsələlər barədə müvafiq strukturların rəhbərlərinin məruzələri dinlənilib, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinin gedişi, məcburi köçkünlərlə işin konkret istiqamətləri üzrə mövcud vəziyyət ətraflı təhlil edilib, həlli vacib məsələlərin əhatəsi bir daha dəqiqləşdirilib, aidiyyəti bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin məsuliyyətinin artırılması üçün ciddi tapşrıqlar verilib.

Azvision.az


Teqlər: Kollegiya   İclas  





Xəbər lenti