Abşeronda epizootik durum sabitdir
Qeyd edək ki, Abşeron Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək və xəstəliyin qarşısını almaq məqsədilə 5103 baş iribuynuzlu və 2902 baş xırdabuynuzlu heyvandan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də ötən il 20351 baş iribuynuzlu, 110000 baş xırdabuynuzlu, 249 baş təkdırnaqlı heyvanda qarayara və 7953 baş ev itində quduzluq xəstəliyinə qarşı peyvəndləmə və 49450 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri aparılıb.
Epizootiya əleyhinə aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz, “donuz qripi” və digər iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərini ətraflı məlumatlandıraraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsinə dair tövsiyələr veriblər.
Abşeron rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Azvision.az
Teqlər: DBX