Paşinyan Ermənistan Polisinin rəisini işdən qovur

 Paşinyan Ermənistan Polisinin rəisini işdən qovur
  22 Yanvar 2019    Oxunub:3301
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə Ermənistan Polisinin rəisi, polis polkovniki Valeri Osipyanı tutduğu postdan qovacaq.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti polisdəki mənbələrinə istinadən yazıb. Mənbələrin sözlərinə görə, Paşinyan Ermənistan Polisi rəhbərliyinin işindən və polis orqanlarında struktur və məzmun islahatları prosesinin gedişindən narazıdır.
Artıq Paşinyan Osipyanı əvəzləyəcək adam da tapıb.

Qeyd olunur ki, 2018-ci ilin avqustundan mütəşəkkil cinayətkarlıqla mübarizə Baş İdarəsinin rəisi olan Arsen Ayvazyan Ermənistan Polisinin rəisi təyin ediləcək.

Xatırladaq ki, Valeri Osipyan istefaya göndərilən Serj Sarkisyan cinayətkar rejiminin başlıca sütunlarından biri idi. Buna baxmayaraq, Paşinyanın göstərişi ilə o, ötən ilin “məxməri inqilab”ından dərhal sonra – 10 mayda Ermənistan Polisinin rəisi vəzifəsinə təyin olunmuşdu. Lakin məmurların və oliqarxların cinayətlərinə göz yuman Osipyanın bu posta təyinatı erməni cəmiyyətində narazılıqla qarşılanmışdı.

Ekspertlərin fikrincə, indi Paşinyanın Osipyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyəti onun 2008-ci ilin 1 mart hadisələri ilə bağlı istintaq prosesinə cəlb edilməsi məqsədi daşıyır. Çünki 2008-ci ilin prezident seçkilər zamanı Paşinyanın “qəyyumu” olan Levon Ter-Petrosyanın evi və ofisi önündə hakimiyyətə işləyən adamların saxta etiraz aksiyalarını məhz Osipyan koordinasiya etmişdi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Polis  





Xəbər lenti