İran aviaşirkətinə sanksiya qoyuldu - Casusluq ittihamı

İran aviaşirkətinə sanksiya qoyuldu -  Casusluq ittihamı
  21 Yanvar 2019    Oxunub:2075
Rəsmi Berlin İranın “Mahan Air” aviaşirkətini Almaniya hava limanlarına enişə icazə üçün verilən lisenziyadan məhrum edib.
Azvision.az xəbər verir ki, bu barədə “Deutsche Welle” Almaniya XİN-dəki mənbəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Berlin bu addımı təhlükəsizlik tədbirləri səbəbilə və həmçinin, “Mahan Air” aviaşirkətinin İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq etməsindən və şirkətə məxsus təyyarələrin casusluq və terrorrizm üçün istifadə olunmasından şübhələndiyi üçün atıb.

Almaniya hökumətinin rəsmisi onu da vurğulayıb ki, “Mahan Air” aviaşirkətilə bağlı bu məsələdə söhbət İrana qarşı sanksiyalardan yox, konkret şirkətə qarşı müvafiq qabaqlayıcı tədbirlərdən gedir.

Qeyd edək ki, “Mahan Air” “İran Air” şirkətindən sonra İranın ikinci ən böyük aviaşirkətidir. Bu şirkətə məxsus təyyarələr həftə ərzində Düsseldorf və Münhenə 4 uçuş həyata keçirirdi. “Mahan Air” aviaşirkətinin adı 2011-ci ildən etibarən ABŞ-ın sanksiyalar siyahısına salınıb.

Onu da bildirək ki, 8 yanvarda Avropa İttifaqı köhnə qitənin ərazisində sui-qəsd məqsədli təxribatlar hazırladığına görə, İranın Kəşfiyyat Xidməti və konkret olaraq bu qurumun iki əməkdaşına qarşı sanksiyalar tətbiq edib. Bununla da, Avropanın İrana qarşı sanksiya siyahısı genişlənərək 15 fiziki şəxs, 21 qrup və müəssisəni əhatə edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Almaniya   ABŞ   Avropaİttifaqı  





Xəbər lenti