Baytarlıq Xidməti “donuz qripi”nə qarşı tədbirlər görür

Baytarlıq Xidməti “donuz qripi”nə qarşı tədbirlər görür
  15 Yanvar 2019    Oxunub:2098
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən Gürcüstan Respublikasında insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilib və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılıb.
DBX-dən Azvision.az -a verilən məlumata görə, belə tədbirlərdən biri də Qəbələ rayonun Nic kənd sakinləri Undalov Armenaka məxsus 42 baş və Dingilisi Razmikə məxsus 21 baş donuz saxlanılan təsərrüfatlarda icra edilib. Baytarlıq mütəxəssisləri ilkin olaraq təsərrüfatlarda saxlanılan donuzlara kliniki baxış keçiriblər. Kliniki müayinə zamanı donuzların heç birində infeksion xəstəliyin əlamətləri aşkar edilməyib. 3 aydan yuxarı donuzlarda isə qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Eləcə də donuzlar saxlanılan ərazilərin mexaniki təmizliyindən sonra 105 kvadratmetr sahədə profilaktik dezinfeksiya və dezinseksiya işləri icra edilib.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və “donuz qripi” xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə ediblər. Həmçinin təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıxı əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.

Azvision.az



Teqlər:





Xəbər lenti