Dövlət Sosial Müdafiə Fondu ləğv edilir - EKSKLÜZİV

Dövlət Sosial Müdafiə Fondu ləğv edilir - EKSKLÜZİV
  08 Noyabr 2013    Oxunub:8772
Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 22-də Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyinat alandan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) sədr postu boş qalır. Hazırda sədrin vəzifəsini S.Müslümovun keçmiş müavinləri icra edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a ilginc məlumat daxil olub. Adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, DSMF yaxın günlərdə ləğv edilərək nazirliyin tərkibində fəaliyyət göstərəcək.

Məsələ ilə bağlı AzVision.az Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəblidən münasibət öyrənib. Deputat bir çox ölkələrdə belə bir təcrübənin olduğunu vurğulayaraq fondun nazirliyin tərkibinə keçmə ehtimalının olduğunu deyib.

“Bir sıra ölkələrdə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindədir. Məsələn, Belarusiyada, Post-Sovet ölkələrində bu belədir. Bizdə də fond nazirliyə birləşdirilə bilər”-deyə, millət vəkili əlavə edib.

Keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov də bu fondun ləğv edilməsinin tərəfdarıdır:

“Dövlət Sosial Müdafiə Fondu illər ərzində dövlət büdcəsindən dotasiyalar almaqla, transfertlər etməklə idarə olunub. Eləcə də 2014-cü ii dövlət büdcəsində də artıq proqnozlaşdırılıb ki, 1 milyard 142 milyon manat transfer alsın. Eyni zamanda 2006-cı ildən qəbul olunmuş dövlət proqramında göstərilib ki, 2015-ci ilə qədər transfertlər kəsilsin və özəl pensiya fondları yaradılsın. Bu barədə dövlət proqramında da müddəa var”.

Sabiq deputat bütün bunların kağız üzərində qaldığını bildirib:

“Dövlət Sosial Müdafiə Fondu öz funksiyasını praktiki olaraq, yerinə yetirmir. Artırılan təqaüdlər isə ölkədə cənab prezidentin təşəbbüsü ilə dövlət büdcəsi hesabına artırılır. Buradan belə nəticəyə gəlmək olar ki, belə bir fondun və böyük bir təşkilatın hər bir rayonda şöbələrinin saxlanılması, buna dövlət vəsaitinin xərclənməsinə ehtiyac yoxdur. Fondun funksiyası aparılan islahatlar nəticəsində başqa bir quruma verilməlidir. Bu ya Maliyyə Nazirliyi ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ola bilər.

Məsələn, qonşu Gürcüstanda ümumi sosial vergi tətbiq olunur, onlarda bizdəki kimi analoji qurum yoxdur və sosial verginin dərəcəsi 20%-dir. Bizdə isə gəlir vergisi 14%, əmək haqqından tutulan vergi 25% və bu 39% edir. Bu da ikili mühasibatı, eyni zamanda kölqə iqtisadiyyatını stimullaşdırır. Bunun qarşısını almaq üçün kompleks addım atılmalı, vergi dərəcəsə birləşdirilməli və sosial vergi olaraq dövlətə yığılmalıdır. Həmin vergi vasitəsilə gələcəkdə dövlət büdcəsindən pensiya təqüadünü təmin etmək mümkündür”.

Ekspert həmçinin fondun başqa bir dövlət qurumuna birləşdirilməsini təklif edib. “Əgər bu qurum özü-özünü idarə edə bilmirsə, siğorta haqlarını toplayıb idarəetmək mümkün deyilsə, belə bir fonda bu qədər vəsaitin ayrılması və xərclənməsi məqsədəuyğun deyil. Bunun ləğv olunmasının tərəfdarıyam və düşünürəm ki, normal hökümət bu fondu ləğv etməlidir. Çünki fond belə yaşaya bilməz, dövlət büdcəsi hesabına belə bir fondun saxlanılması düzgün deyil. Bu fond ya tamamilə özü-özünü maliyyələşdirməyə keçməlidir. Bunun da 2015- ci ilə qədər həyata keçməsi çətin görünür”-deyə, N.Məmmədov əlavə edib.

Sevin İltifatqızı


Teqlər:  





Xəbər lenti