Deputat Obamanın məktubunu belə şərh etdi

Deputat Obamanın məktubunu belə şərh etdi
  08 Noyabr 2013    Oxunub:1083
`ABŞ Azərbaycanı öz strateji tərəfdaşı hesab edir və iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir`. Bu sözləri millət vəkili Azay Quliyev ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik məktubu göndərməsinə münasibət bildirərkən deyib.
A.Quliyev qeyd edib ki, təbrik gözlənilən idi, çünki bunun çox ciddi səbəbləri var: "Birinci səbəb odur ki, Azərbaycan ABŞ ilə həqiqətən də çox ciddi strateji əlaqələrə malikdir və bu əlaqələri ABŞ, təbii ki, nəzərə almaya bilməz. İknici səbəb odur ki, Prezident İlham Əliyevin ABŞ-la əlaqələrin qurulmasında çox böyük töhfəsi var".

Millət vəkilinin sözlərinə görə, Barak Obama çox yaxşı bilir ki, İlham Əliyev ölkəsinin güclü lideri olaraq bütövlükdə Cənubi Qafqazın hansı istiqamətə - Qərbə və yaxud da digər istiqamətə siyasi kurs götürməsini müəyyənləşdirən tək liderdir: "O baxımdan ki, bu gün həqiqətən də İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət bütövlükdə dövlətin suverenliyini və dövlətin müstəqil xarici siyasətini təmin edir. Bu da Barak Obamanın məktubunda yer alan xoş ifadələrin bir səbəbidir".

A.Quilyevin fikrincə, digər məqam ondan ibarətdir ki, bu gün region üzrə müxtəlif güc mərkəzlərinin mübarizəsi şiddətlə davam edir və artıq Rusiya Gömrük İttifaqı, Avrasiya İttifaqı ilə bağlı konkret addımlar atmağa başlayıb. Cənubi Qafqazdan Ermənistan artıq bu birliyə qoşulmağa razılıq verib: "Belə olan halda şübhəsiz ki, Azərbaycanın dəyəri daha da artır. Həqiqətən də, Barak Obamanın dediyi kimi, Azərbaycanla bu sahədə strateji məsələlərdə birgə əməkdaşlıq ABŞ üçün çox mühüm əhəmiyyət kəsb edir. Bütün bu faktorlar, əlbəttə ki, bir daha onu göstərir ki, Azərbaycan dövlətinin apardığı siyasət həqiqətən də təkcə ölkə daxilində deyil, xaricdə də etiraf olunur, qiymətləndirilir. Düşünürəm ki, bu, həm də bir çox manipulyasiyalara, o cümlədən bəzi müxalifət qurumlarının da "ABŞ Azərbaycanı, Prezidenti təbrik etmədi" kimi manipulyativ fikirlərinə də son qoydu".

Millət vəkili bildirib ki, bu, əslində yalnız təbrik məktubu deyil, ABŞ-la Azərbaycan arasında növbəti 5 ildə yüksək əməkdaşlığın konturları, əsas istiqamətləri və proritet mövzularıdır: "Mən əminəm ki, bu prioritet mövzular istər iqtisadi, istər siyasi, istər təhlükəsizlik, istərsə də Dağlıq Qarabağ probleminin həlli baxımından, eyni zamanda, demokratik proseslərin irəliyə aparılması cəhətdən hər iki ölkənin gündəliyində duran mövzuları əhatə edir və bu da, təbii ki, həm Azərbaycanın, həm də ABŞ-ın marağındadır".


Teqlər:  





Xəbər lenti