Səyyad Kərimov: “Ölkədə hüquq islahatları həyata keçirilir”

Səyyad Kərimov: “Ölkədə hüquq islahatları həyata keçirilir”
  08 Noyabr 2013    Oxunub:2142
Bu gün Milli Məclisdə "Şəhərlərin formalaşmasında hüquq bir alət kimi" mövzusunda dəyirmi masa keçirilir.
AzVision.az xəbər verir ki, dəyirmi masa Azərbaycan parlamenti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramı çərçivəsində baş tutub.

Dəyirmi masanı açıq elan edən İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, ölkədə son 10 il ərzində davamlı olaraq hüquq islahatları həyata keçirilir: "Bu islahatlar ölkənin ictimai-siyasi həyatının müxtəlif aspektlərini əhatə edir. Bu sahələrdən biri də inzibati hüquq sahəsidir. Dövlət vətəndaş münasibətlərinin tənzimlənməsi prosesində bu sahənin xüsusi rolu var. "Şəhərsalma və tikinti məcəlləsi"nin hazırlanmasında nəinki Azərbaycan ekspertləri, eləcə də xarici mütəxəssislər yaxından iştirak edib. Məcəllənin hazırlanması zamanı beynəlxalq təcrübədən yararlanmışıq".

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramının Azərbaycan üzrə layihə rəhbəri Tomas Melser vurğulayıb ki, elə sahələr var ki, onlar Bakının gələcəyi ola bilər: "Azərbaycan 20 illik müstəqillik tarixində bir sıra vacib qanunlar qəbul edib. Bizim bundan sonrakı vəzifəmiz isə qarşıdakı 20 il ərzində həmin qanunları daha da təkmilləşdirib beynəlxalq standartlara cavab verməsini təmin etməkdir. Bugünkü tədbirin mövzusu olan "Şəhərsalma və tikinti məcəlləsi" modern qanunlardan biridir".

Qeyd edək ki, hazırda dəyirmi masa, mövzu ətrafında müzakirələrlə davam edir.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti