Azərbaycanın 12 ildə Belarusdan aldığı silah və hərbi texnikalar - FOTOLAR

Azərbaycanın 12 ildə Belarusdan aldığı silah və hərbi texnikalar -  FOTOLAR
  08 Yanvar 2019    Oxunub:16092
"Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın yüksəlməsi 2004-cü ildən sonrakı dövrə təsadüf edir. Azərbaycan 2005-ci ildən etibarən Belarusdan böyükhəcmli silah və hərbi texnikanın satın alınmasına başlayıb. Bu proses hazırda davam edir. Növbəti mərhələdə iki ölkə arasında bir sıra yeni sistemlərin əldə ediləcəyi gözlənilir. Xüsusilə də hava hücumundan müdafiə sahəsində və elektron mübarizə sistemlərini görəcəyik".
Bu barədə Azvision.az -a hərbi ekspert Rəşad Süleymanov məlumat verib. Onun sözlərinə görə, həmin dövrdə Belarus şirkətləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasında yer alan "S-125 Peçora" və "Osa" zenit raket komplekslərinin modernləşdirilməsi proqramına qatılıblar.


("S-125 Peçora" ZRK)

"Azərbaycanın "Azairtechservice" və Belarusun "Tetrayder" şirkəti birgə bu sistemlərin modernləşdirilməsini həyata keçirib. Bununla bərabər Hava Hücumundan Müdafiə Qoşunlarının istifadəsində olan radiolokasiya stansiyaları da müasirləşdirilib. Bundan başqa, Azərbaycan Belarusdan hava hücumundan müdafiə ilə bağlı bir sıra məhsullar alıb. BMT-nin Adi Silahlar Registrinə təqdim edilən hesabata əsasən, Azərbaycan 2005-2017-ci illərdə Belarusdan 153 ədəd T-72 tankı, 60 ədəd BTR-70, 158 ədəd haubitsa əldə edib. Bu haubitsalardan 12-si 203 mm-lik “Pion” (atış məsafəsi 50 kilometr) özeyeriyən artilleriya sistemi, 26-sı 2017-ci ildə alınmış "Giatsin-B", 120 ədədi isə D-30-dur. Bunlarla yanaşı, Azərbaycan adıçəkilən ölkədən 11 ədəd "Su-25" döyüş təyyarəsi əldə edib. Bu təyyarələr modernləşdirilib.


(“Giatsin-B”)

2012-2013-cü illərdə Belarusun OKB TSP şirkətindən bir neçə batareya "Buk-MB" zenit-raket kompleksi alıb. Hazırda həmin şirkət Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına və Hərbi Hava Qüvvələrinə texniki dəstək xidmətləri göstərir. 2018-ci ilin əvvəllərində Azərbaycan bu ölkədən "Qroza-S" radioelektron mübarizə sistemlərini əldə edib. Bu sistemlər ölkə başçısının cəbhə xəttinə səfəri zamanı nümayiş etdirilib".


(“Buk MB” ZRK)

Ekspert bildirib ki, hərbi ticarətdə ən böyük paya sahib olan "Polonez" operativ-taktik raket kompleksləridir: "Ötən il "Polonez" operativ-taktik raket kompleksləri ölkəmizə gətirildi. "Polonez"lərin növbəti partiyalarının da qarşıdakı illərdə alınacağı gözlənilir. Onların raketləri daha uzaq məsafədə hədəfi vurmaq imkanına malik olacaq. Ötən il Prezident İlham Əliyevin Belarusa səfəri zamanı Azərbaycanın Müdafiə Nazirliyi ilə Belarusun Hərbi Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikalarının təchizatına dair əməkdaşlıq memorandumu imzalandı. Bu memorandum növbəti mərhələdə Azərbaycan və Belarus arasındakı prioritetləri müəyyənləşdirir. Bu sahədə silah və texnikaların alınacağını özündə ehtiva edir".


("Polonez")

R.Süleymanov qeyd edib ki, Belarus son illər öz hərbi sənayesini çox aktiv formada yeniləyən ölkədir. Onların istehsal etdiyi silah-sursatlar həm öz keyfiyyətinə, həm də dinamikliyinə görə postsovet məkanında hətta Rusiyanı da üstələyir. Digər ölkələr bir çox hallarda Belarus texnikaları əldə etməyə çalışırlar. Belə ki, bir neçə il öncə İran ABŞ istehsalı olan PUA-ların endirilməsində məhz Belarus avadanlıqlarından istifadə etmişdi".

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan və Belarus həm də hərbi sənaye sahəsində əməkdaşlıq edirlər: "Qeyd etdiyimiz dövrdə Azərabaycan bu ölkədən müxtəlif optik cihazların da satınalınmasını həyata keçirib. Belarusun BELOMO optika şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Alov zavodunun yenidən qurulması layihəsində iştirak edib. Bu ölkənin Minsk avtomobil zavodu Gəncə avtomobil zavodu ilə birgə həm mülki, həm də hərbi təyinatlı avtomobillərin yığımını həyata keçirir. Bu avtomobillər Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində yer alır".


("Osa" ZRK)


(203 mm 2S7 “Pion”)


(Su-25)

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Belarus   Silah  





Xəbər lenti