Avropa İrana verdiyi vədin icrasını yekunlaşdırır

 Avropa İrana verdiyi vədin icrasını yekunlaşdırır
  07 Yanvar 2019    Oxunub:2542
ABŞ sanksiyalarından yan keçməklə İranla ticarətdə xüsusi ödəmə mexanizminin yaradılması ilə əlaqədar aparılan işlər müsbət yöndə irəliləyir və yaxın həftələrdə yekunlaşa bilər.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlüksizlik məsələləri üzrə xüsusi nümayəndəsinin sözçüsü Mayya Kosyançiç bəyan edib.

“Avropa İttifaqına üzv dövlətlərin bu istiqamətdə (İranla dollarsız ticarət üçün nəzərdə tutulan Xüsusi Təyinatlı Şirkətin yaradılması) apardığı iş davam edir. Əlimizdə olan məlumata əsasən, işlər yaxşı gedir. Ümid edirik ki, xüsusi ödəmə mexanizmi yaxın həftələrdə yaradılacaq” – Kosyançiç Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

Ötən ilin dekabrın əvvəlində İranın Atom Enerjisi Təşklatının sədri Əli Əkbər Salehi bəyan etmişdi ki, Tehran Avropanın Xüsusi Təyinatlı Şirkəti 2018-ci ilin sonunadək yaradacağına ümid edir. Onun sözlərinə görə, tezliklə bu ödəmə mexanizmi sayəsində İranın Avropa İttifaqı və digər ölkələrlə 300 milyard avro məbləğindəki neft əməliyyatları dollar yox, yalnız avro ilə həyata keçiriləcək. Lakin ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, İttifaqın yaratdığı yeni mexanizm vasitəsilə həyata keçiriləcək maliyyə köçürmələri də Vaşinqton sanksiyalarının hədəfinə çevriləcək.

Xatırladaq ki, sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.

Lakin Brüssel bu mexanizmi işə salmağa çalışsa da, ABŞ-ın qorxusundan İttifaqa üzv olan dövlətlər onun leqallaşdırılması üçün lazım olan xüsusi şirkətin qeydiyyatını öz yurisdiksiyasına almaqdan boyun qaçırmışdılar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Avropa   ABŞ  





Xəbər lenti