“Muğam televiziya müsabiqəsi–2013” başa çatdı

“Muğam televiziya müsabiqəsi–2013” başa çatdı
  07 Noyabr 2013    Oxunub:4893
“Muğam televiziya müsabiqəsi – 2013”ün 12 yaşlı iştirakçısı Mirpaşa Şükürov yarışmanın ən yüksək mükafatına - “Qran-pri”ə layiq görülüb.
Noyabrın 6-da Azərbaycan televiziya və radio günüdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən “Muğam televiziya müsabiqəsi–2013”ün final mərhələsi keçirilib.

AzVision.az azertac-a istinadən xəbər verir ki, tədbirdə akademik Ziyad Səmədzadə və Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Mili Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov çıxış edərək Azərbaycan televiziyasının keçdiyi tarixi inkişaf yolundan söz açıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlamışdır. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix teleradio günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra teleradio məkanında böyük dəyişikliklər baş vermişdir. Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Bu gün onun verilişlərini peyk vasitəsilə dünyanın hər yerində izləmək mümkündür.

Bildirilib ki, bu gün bayram-bayrama qovuşub. Belə bir gündə iki mühüm hadisənin qeyd olunması təqdirəlayiqdir.

Tədbirdə Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıbr. Qeyd olunub ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu olub.

Vurğulanıb ki, Azərbaycan muğamı professional musiqi mədəniyyətimizin mühüm qolunu təşkil edir. Təsadüfi deyildir ki, bu milli musiqinin bəşəri əhəmiyyətini nəzərə alan UNESCO 2003-cü ildə onu bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərlərindən biri elan edib.

Bir daha diqqətə çatdırılıb ki, cari il avqustun 6-da Beynəlxalq Muğam Mərkəzində “Muğam televiziya müsabiqəsi-2013”ün startı verilib. Müsabiqənin Azərbaycan Televiziyası və Radiosu, eləcə də “Mədəniyyət” kanalı ilə canlı yayımlanması isə muğamsevərlər üçün əsl ərməğan olub.

Bildirilmişdir ki, bu gənclər müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələrdə yaşıdlarından seçilən istedad sahibləridir. Ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə alıb, onlardan isə 21-i Bakı səhnəsində çıxış etmək hüququ qazanıb. Artıq bir ənənəyə çevrilən və dördüncü dəfədir ki, keçirilən muğam televiziya müsabiqəsinin münsiflər heyəti də həmişə olduğu kimi peşəkarlardan ibarətdir.

Müsabiqənin münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və Əməkdar İncəsənət Xadimi, müsabiqənin təşkilat rəhbəri Nadir Axundov iştirakçılara təqdim olunduqdan sonra söz muğama verilib.

Sonra “Muğam” instrumental ansamblının müşayiət ilə müsabiqənin final mərhələsinə çıxmış gənc ifaçılar Xətai Hacıyev, Gülnar Qüdrətli, Babək Quliyev, Ramiq Bayramov, Zümrüd Məmmədova, Sərxan Bünyadzadə və Mirpaşa Şükürov tamaşaçılar və münsiflər heyəti qarşısında bir daha imtahan veriblər. Onların bir-birindən gözəl ifaları tamaşaçıları heyran qoyub.

Gecədə obyektiv səbəblərdən müsabiqənin Naxçıvanda keçirilən növbəti mərhələsində iştirak edə bilməyən Murad Əbduləzimov və Ayşən Mehdiyevanın da ifaları dinlənilib.

Sonra münsiflər heyəti səhnəyə dəvət olunub, müsabiqənin qaliblərinin adları elan edilmiş və mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə iştirakçılarının 14 nəfərinə diplomlar təqdim edilib.

İştirakçılardan Murad Əbduləzimov və Ayşən Mehdiyeva “Tamaşaçıların rəğbəti” mükafatına layiq görülmüş və onlara üzərində müsabiqə təşkilatçılarının emblemi olan qaval hədiyyə olunub.

Müsabiqənin münsiflər heyətinin yekdil qərarı ilə Sərxan Bünyadzadə birinci, Xətai Hacıyev, Zümrüd Məmmədova ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü yerləri tutublar.

“Muğam televiziya müsabiqəsi – 2013”ün 12 yaşlı iştirakçısı Mirpaşa Şükürov yarışmanın ən yüksək mükafatına - “Qran-pri”ə layiq görülüb.

Qaliblərə diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi olan qiymətli xatirə hədiyyələri təqdim olunub.

Münsiflər heyəti adından Xalq Artisti Əlibaba Məmmədov çıxış edərək teleradio işçilərini təbrik etmiş, onlara uğurlar arzulayıb. Bildirib ki, bu müsabiqə təkcə musiqi yarışması deyil. Bu müsabiqə Azərbaycan muğamlarına yeni nəfəslər, yeni ifaçılar gətirib.

Xalq artisti xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamlarımıza yeni həyat vermiş və onun inkişafına, təbliğinə hər zaman yardımçı olublar.

Sonda qaliblər və diplomantlar birlikdə “Qarabağ şikəstəsi”ni ifa ediblər.



Teqlər:  





Xəbər lenti