22 nəfərə dövlət hesabına böyrək köçürülüb

22 nəfərə dövlət hesabına böyrək köçürülüb
  28 Dekabr 2018    Oxunub:1647
2018-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 5,5 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülən, 1,2 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib. Onun sözlərinə görə, ümumilikdə 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan artıq müraciət olub, 727 min xəstə stasionar müalicə kursu keçib. Cari ildə 9 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib.

Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.

Qeyd olunub ki, son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Cari ildə 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.

Eyni zamanda 2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılıb və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub.

Azvision.az


Teqlər: Səhiyyə   Əməliyyat   Böyrək  





Xəbər lenti