Prezidentlərin növbəti görüşü nə vəd edir? - ŞƏRH

Prezidentlərin növbəti görüşü nə vəd edir? - ŞƏRH
  06 Noyabr 2013    Oxunub:1061
”İndiki görüş, bu vaxta qədər keçirilmiş 8 görüşdən daha səmərəli və məhsuldar ola bilər”.

Bu fikirləri AzVision.az-a politoloq Qabil Hüseynli prezident İlham Əliyev və Serj Sərkisyanın görüş xəbərini şərh edərkən bildirib.

Politoloqun fikrincə, bu dəfə prosesdə Rusiyanın aktiv iştirak etməsi irəliləyişlərin olacağını düşünməyə əsas verir:

“Həmçinin digər həmsədr dövlətlər prosesə fəal müdaxilə edirlər. Açığını demək lazımdır ki, Rusiyanın fəallığı daha çox hiss olunur. Rusiya Azərbaycanı öz orbitasiyasında saxlamaq üçün Dağlıq Qarabağ faktorundan istifadə etməyə çalışır və burada Azərbaycanın xeyrinə müəyyən güzəştlərin həyata keçirilməsinə nail olmaq istəyir. Bu zəmində Azərbaycanın da danışıqlar prosesinə marağı artıb. Çünki belə görünür ki, Rusiyanın icazə verdiyi Ermənistan müəyyən qədər konstruktivlik nümayiş etdirə bilər”.

Q.Hüseynli həmçinin deyib ki, Rusiyanın danışıqlarda Ermənistanı müəyyən qədər çərçivəyə salmağa çalışacaq.

“Eyni zamanda Azərbaycana da müəyyən vədlər verə bilər və beləliklə də, danışıqlar prosesinin müəyyən qədər alınması ehtimalı yarana bilər. Düzdür, birdən-birə nikbin fikirlər demək istəmirəm, amma indiki görüş, bu vaxta qədər keçirilmiş 8 görüşdən daha səmərəli və məhsuldar ola bilər”.

Konkret irəliləyişlərə gəlincə, politoloq hesab edir ki, bunlardan biri 5 rayonun azad edilməsi ola bilər: “İşğal edilmiş 5 rayonun və Laçının 13 kəndinin azad edilməsi gündəmdədir. Daha sonra isə Dağlıq Qarabağın statusu və yerdə qalan iki rayonun, yəni Laçının digər kəndləri və Kəlbəcərin azad olunması da müzakirə ediləsi məsələlərdəndir. Mətbuatda söylənilənlər özünü doğrultsa danışıqlar prosesində müsbət nəticə əldə etmək olar”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərnini ötən gün yaydığı bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin noyabr ayında görüşə razılıq verdikləri bildirilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti