Şərur yallıları haqqında sərəncam verildi

Şərur yallıları haqqında sərəncam verildi
  25 Dekabr 2018    Oxunub:2185
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur yallıları haqqında sərəncam imzalayıb.
Azvision.az -ın məlumatına görə, sərəncamda qeyd olunub ki, Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallıları xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii -estetik təfəkkürünün təzahürüdür. Yallıların Gəmiqaya təsvirlərində öz əksini tapması Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğunu göstərir.

Əshabi-Kəhf və Gəmiqaya kimi, Şərur yallıları da Naxçıvanın incisi, xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu amil əsas götürülərək Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülüb, yallılar nota köçürülüb, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. Bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində yallı qrupları fəaliyyət göstərir. Bu sahədə görülən işlərin davamı olaraq 2018-ci ildə də yallı sənəti ilə bağlı tədqiqatlar aparılıb, bu nadir irsin YUNESKO səviyyəsində qorunması üçün “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar aidiyyəti üzrə təqdim olunub, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Sərəncama əsasən, “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azvision.az


Teqlər: Yallı   Şərur   Sərəncam  





Xəbər lenti