Gənclərin əsgərlik seçimi: şəhər, yoxsa düşmənlə üzbəüz?

Gənclərin əsgərlik seçimi: şəhər, yoxsa düşmənlə üzbəüz?
  06 Noyabr 2013    Oxunub:15748
“Əsgərlər özlərinə əziyyət vermək istəmirlər”

Hərbi xidmətə çağrılan gənclər çalışırlar ki, daha çox cəbhədən uzaq, rahat yerlərdə olan hərbi hissələrdə xidmət keçsinlər. Dağlıq və “ilan mələyə” yerlərə isə heç kim könüllü getmək istəmir. Belə olan halda maraqlıdır, əsgərlərimiz daha çox hansı bölgələrdə və qoşunlarada xidmət keçmək istəyirlər?

Ümumiyyətlə, ən çox arzulanan yerlər haradır?

Hərbi ekspert Üzeyir Cəfərovun AzVision.az-a dediyinə görə, gənclər xidmət yeri seçərkən bir qədər tərəddüd edirlər:

“Onlar fikirləşirlər ki, hansı qoşun növünə getsələr daha yaxşı olar? Bir hissəsi Fövqaladə Hallar Nazirliyində, Daxili qoşunlarda, Sərhəd xidmətində, bəziləri isə MTN -nin qrumlarında xidmət keçmək istəyirlər. Can atırlar ki, onları daha yaxşı stasionar şəraiti olan hərbi hissələrə göndərsinlər. Konkret yerlərin adını demək bir az çətindir”.

Ekspert gənclərin döyüş bölgələrində xidmət etmələrini istəyir:

“Daha çox XXI əsrin müasir texnologiyalarının inkişaf etdiyi radioelektron mübarizə, sonra rabitəçi, mühəndis - istehkamçı və s. sırf insan zehni ilə bağlı olan sahələrdə çalışsınlar. Təəssüflər olsun ki, bizim hərbi xidmətə çağrılanlar özlərinə əziyyət vermək istəmirlər. Humanitar sahəyə daha çox meyilli olurlar. Halbuki, dəqiq elmlərlə bağlı olan sahələrdə xidmət keçsələr, zehni cəhətdən nə qədər inkişaf edərlər. Məsələn, bu cür xidmət sahələri içərisində aviasiyanı göstərmək olar”.

Ü.Cəfərov həmçinin onu da bildirib ki, əsgərlərin hərbi xidmət keçdikləri bölgələrə də diqqət yetirmək lazımdır. Dağlıq şəraitidə, məsələn, Lerik, Daşkəsən, Gədəbəy dağlıq mühitində böyüyən uşalqarı gətirib Kürdəmirdə günün altında xidmət keçmyə məcbur qalırsa və yaxud da da sərt iqlim şəraiti olan yerlərdə - məsələn, Naxçıvanda xidmət etməyə göndərilirsə, bu, artıq əlavə problemlərin yaranması deməkdir. Çünki o, dağ uşağıdır daha çox dağa uyğunlaşıb. Yaxşı olardı ki, onu dağlıq ərazilərdəki hərbi hissələrə təyin etsinlər:

“Əksəriyyət çalışır ki, stasionar şəraiti yaxşı olan hərbi hissələrdə xidmət keçsinlər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində yaşayır, bizim hərbi hissələrimizin xeyli hissəsi döyüş bölgəsində yerləşir. Ora düşən əsgərlər problemlə üzləşən kimi başlayırlar hay-küy salmağa ki, “ay məni xilas edin, problemlərim var, filan..”. Bundan da neqativ hallar yaratmağa çalışırlar”.

Məsələ ilə bağlı gənc jurnalistlərin də fikirlərini öyrəndik.

“Həftə-içi” qəzetinin müxbiri Murad Əhmədin sözlərinə görə, praktiki olaraq Fövqəladə Hallar Nazirliyi və Daxili Qoşunlar əsgərlər üçün daha sevindirici variantdır.

“FHN-in hərbi hissələrində yemək, yatmaq və digər məişət xidmətləri normal olur. Milli Ordu nisbətən arzu olunmazdı. Çünki hərc-mərclik olur”.

Lent.az-ın əməkdaşı Anar Məcidzadə gənclərin daha çox Daxili Qoşunlarda və Sərhəd Qoşunlarında xidmət etmək istədiklərini bildirib.

”Buna səbəb həmin qoşun sahələrində şəraitin daha yaxşı olmasıdır. Təbii ki, hərbi xidmətə gedən hər bir gəncin qəlbində vətənə, millətə sevgi var. Sağlamlığında qüsuru olan insanlar istisna olmaqla, digər gənclərin bölgədən, qoşun növündən asılı olmayaraq, hərbi xidmətə getməsi vacibdir. Mən, 2010-2011-ci illərdə Tərtər və Ağdam rayonlarında hərbi xidmətdə olmuşam. Cəbhə bölgəsində hərbi xidmətdə olduğum üçün bu gün də qürur duyuram”

Sportal.az saytnın müxbiri Elsevər Məmmədov isə hesab edir ki, gənclər daha çox Sərhəd Qoşunlarında xidmət çəkməz istəyirlər:

“Çünki ən intizamlı hərbi hissələr məhz Sərhəd Qoşunlarındadır. Mən Naxçıvanda hərbi xidmətdə oldum. Oradan heç bir narazılığım olmayıb. Həmin hərbi hissədə əsgərlər üçün ideal şərait yaradılıb”.

Virtual.org saytının əməkdaşı İlkin Muradov: “Əsgərlik haqda danışanda yalnız öz istəyi ilə xidmət edən gənclərdən danışmaq istəyirəm. Digər şərtlərlə "xidmət" edənlər haqda danışmağa dəyməz. Öz istəyi ilə xidmət edənlər daha çox sərhəd bölgələrdə, postlarda xidmət etməyi seçir. Çünki həmin xidmət yerləri çətin və təhlükəli olsa da digər mövqelərdən rahatdır. Amma harada xidmət etmək gənclərin öz istəyi ilə olmur. Məlumdur ki, hərbi hissələrdə olan əsgərlər zabitlərin əlindən zara gəlir. Bizim hərbidə idarəetmənin çətinlikləri özünü hər yerdə göstərir. Amma post yerlərində, xüsusilə də düşmənlə üzbəüz mövqedə xidmət etmək əsgərlər üçün daha rahat və şərəf verici olur. Rahat olur ona görə ki, tabe olduğu zabit az olur. Həmçinin postda xidmət edən əsgərlərə rəhbərliyin diqqəti və qayğısı a çox olur. Mən özüm isə hara düşmüşəmsə orda da xidmət etmişəm. Postda xidmət etmək qürurvericidir. Sonda insana qalan üzərinə düşən vəzifəni yerinə yetirmək və çətin keçən günlərdən xatirələr danışmaq olur”.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti