Trampdan daha bir qərar - Əfqanıstandakı qoşunlar da çıxarılır

Trampdan daha bir qərar -  Əfqanıstandakı qoşunlar da çıxarılır
  21 Dekabr 2018    Oxunub:4758
ABŞ prezidenti Donald Tramp Əfqanıstanda xidmət keçən Amerika qoşunlarının böyük bir hissəsinin geri qayıtması barədə qərar verib. Azvision.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyinə Ağ Evdən bildiriblər.
Mənbənin sözlərinə görə, Trampın qərarı ilə tezliklə Əfqanıstandakı 14 min amerikalı hərbçinin yarıdan çoxu evə qayıdacaq. Bu xəbər 17 illik münaqişəyə son qoyulması üçün “Taliban”la danışıqlar aparan Əfqanıstan hökumətini şok edib. “Əgər başlıca rəqibin qoşunlarını geri çəkərsə, sən heç atəşkəs barədə düşünərsənmi? Yox” - əfqan hökumətinin adının çəkilməsini istəməyən rəsmisi bildirib.

Əfqanıstan prezidenti Əşrəf Qaninin sözçüsü Harun Çakansuri isə Trampın bu qərarının Əfqanıstanda sülhə elə də təsir etməyəcəyini deyib: “Əgər ABŞ qoşunları Əfqanıstandan çıxsa bunun ölkənin təhlükəsizliyinə hansısa təsiri olmayacaq, çünki son 4 il yarımda əfqanlar vəziyyətə tam nəzarət ediblər.”

“Taliban” silahlı hərəkatında isə Trampın bu addımı müsbət qarşılanıb. Hərəkatın sözçüsü Zabiulla Mücahid məsələyə birbaşa münasibət bildirməsə də, “Taliban”ın yüksək rütbəli komandiri ABŞ-ın tez bir zamanda belə bir qərar verməsindən təəccüb keçirdiklərini gizlətməyib: “Açığı desək, bizim tələblərimizə ABŞ-ın dərhal cavab verəcəyini gözləmirdik. Buna çox sevinirik, çünki nəhayət ki, həqiqəti dərk etdilər. Digər yaxşı xəbərlər də gözləyirik.”

Trampın bu qərarı ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzadın 18 dekabrda Birləşmiş Ərəb Əmirliklərində “Taliban”la danışıqlar aparmasının ardından verilib.

Qeyd edək ki, Tramp Suriyadakı ABŞ qoşunlarının tam geri çəkilməsi barədə də qərar qəbul edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Taliban   Əfqanıstan   ABŞ  





Xəbər lenti