Azərbaycanda TƏBİB adlı qurum yaradılır

 Azərbaycanda TƏBİB adlı qurum yaradılır
  21 Dekabr 2018    Oxunub:34272
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) yaratmalı və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirməlidir.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə veriləcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin bu fərmanın 2-ci hissəsinə uyğun olaraq 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi, icbari tibbi sığortanın məlumat bazasının və müvafiq proqram təminatının yaradılması, TƏBİB-in fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanması və qəbulu, habelə onun tabeliyinə verilən tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə bağlı aparılacaq işlərə cari rəhbərliyi həyata keçirmək və həmin işləri əlaqələndirmək, aidiyyəti dövlət orqanlarının və qurumlarının bu işlərdə iştirakını təmin edəcək tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, fərmanın 2-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azvision.az


Teqlər: TƏBİB   Fərman  





Xəbər lenti