Şantaja əl atan general Qasparyana cinayət işi açıldı

Şantaja əl atan general Qasparyana cinayət işi açıldı
  19 Dekabr 2018    Oxunub:3437
Ermənistanın İstintaq Komitəsinin anti-rəqabət fəaliyyəti faktı üzrə açılan cinayət işi çərçivəsində apardığı araşdırmalar nəticəsində Ermənistan Polisinin keçmiş rəisi, general-polkovnik Vladimir Qasparyanın öz vəzifələrindən sui-istifadəyə və siyasi məqsədli şantaja əl atdığı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir.

Qeyd olunur ki, Ermənistan Nəqliyyat Nazirliyinin 2008 və 2009-cu illərdə verdiyi lisenziyaya əsasən “Kinq delyuks” və “Trans komfort” şirkətləri Abovyan-İrəvan-Abovyan və Çarençavan-İrəvan-Çarençavan istiqamətlərində ictimai nəqliyyatla sərnişinlərin müntəzəm daşınmasına icazə alıb.

Lakin onlara mane olmaq üçün “Qaqik Çarukyan” xeyriyyə fondunun əməkdaşları 2012-2016-cı illər ərzində eyni marşrut xəttləri üzrə tələbələrin pulsuz daşınmasını həyata keçirib və nəticədə “Kinq delyuks” və “Trans komfort” şirkətləri müflis olublar və “Multi avtotrans” şirkətinin nəzarətinə keçiblər.

O zaman Ermənistan Polisinin rəisi olan Vladimir Qasparyan öz səlahiyyətlərindən sui-istifadə edərək məsələyə qarışmağa və “Kinq delyuks” şirkətinin rəhbərinə kömək etməyə söz verib. Bunun əvəzində isə tələb edib ki, şirkət parlament seçkilərində Serj Sarkisyanın sədrlik etdiyi Respublikaçılar partiyasını dəstəkləməlidir.

Nəticədə qarşılıqlı razılıq əldə olunub və Qasparyan hətta şirkətə məxsus nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarını pozmasına göz yumulmasına və “Qaqik Çarukyan” fondunun pulsuz sərnişin daşımalarına polis tərəfindən ciddi əngəl yaradılmasına dair göstəriş verib.

Əldə edilən bu kimi faktlar əsasında Ermənistan Polisinin keçmiş rəisi Vladimir Qasparyana arşı Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndi üzrə cinayət işi açılıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Polis  





Xəbər lenti