“Sovet konstitusiyasındakı hüquqlar boş vədlər idi” - Nazir müavini

 “Sovet konstitusiyasındakı hüquqlar boş vədlər idi” -  Nazir müavini
  17 Dekabr 2018    Oxunub:2250
“Qeyri-demokratik sovet rejimində 70 illik tarixə malik Azərbaycan hüququn nə qədər vacib olduğunu yaxşı bilir. Məşhur bir siyasətiçinin dediyi kimi, sovet konstitusiyası insanlara bütün növ heyranedici hüquqlar nəzərdə tuturdu. Lakin bu hüquqlar boş vədlər idi. Çünki həmin sistem qanunun aliliyinə və həmin hüquqları təmin edən müstəqil məhkəmə hakimiyyətinə malik deyildi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik cəmiyyətə xas Məhkəmə-Hüquq Şurası, məhkəmə hüquq sistemi yaradılıb”.
Azvision.az -ın məlumatına görə, bunu Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov Bakıda keçirilən II Avrasiya Hüquq Qurultayında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə proses daha da dərinləşdirilərək məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilib: “Qanunvericilik əsaslı surətdə yenilənib, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilib, müvafiq infrastruktur konseptual baxımdan müasirləşdirilib. Bu gün də davamlı xarakter daşıyan məhkəmə islahatları Avropa Şurası, Avropa İttifaqı Dünya Bankı və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Hakimlərin seçimində tətbiq edilən prosedurlar Avropa Şurası tərəfindən digər dövlətlərə tövsiyə edilir”.

A.Cəfərov vurğulayıb ki, beynəlxalq təşkilatların fəaliyyətində bəzən beynəlxalq hüquq prinsiplərinin gözlənilməməsinə, pozulan insan hüquqlarının bərpasının sonadək nail olunmamasına, ikili standartların tətbiqinə rast gəlinir: “Məsələn, Ermənistan tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması açıq şəkildə tələb olunsa da, işğalçı onun icrasına məcbur edilmir. Buna oxşar sənədlər Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa İttifaq və digər beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib”.



Azvision.az



Teqlər:





Xəbər lenti