Lavrov və Çavuşoğlu Bakıda Kerç olayını müzakirə edib - Yenilənib

 Lavrov və Çavuşoğlu Bakıda Kerç olayını müzakirə edib -  Yenilənib
  14 Dekabr 2018    Oxunub:6485
Bakıda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçirilib.
Azvision.az -ın məlumatına görə, görüş barədə jurnalistlərə açıqlama verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, rusiyalı həmkarı ilə bir sıra məsələləri müzakirə edib

"Rusiyalı həmkarımla ikitərəfli məsələləri, ticarət, viza rejiminin mərhələli şəkildə aradan qaldırılması, birgə layihələrin həyata keçirilməsini müzakirə etdik. Biz Suriya, İdlibdəki vəziyyəti və digər regional məsələlər ətrafında fikir mübadiləsi apardıq", - Çavuşoğlu deyib.

XİN rəhbəri qeyd edib ki, Türkiyə və Rusiya prezidentləri arasında çox sıx dialoq mövcuddur, onlar davamlı olaraq görüşür, telefonda danışırlar: "Biz onların birgə qəbul etdikləri qərarları nəzərdən keçirdik. Həmçinin Kerç boğazında baş verən insident ətrafında müzakirə apardıq".

***
(11:00)

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüşü başlayıb.

Azvision.az "TASS"-a istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında davam etdirilir. Gözlənilir ki, nazirlər Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Rusiya   Türkiyə   XİN  





Xəbər lenti