Yaman huşuz olmuşuq - Murad Köhnəqala yazır

   Yaman huşuz olmuşuq -   Murad Köhnəqala yazır
  13 Dekabr 2018    Oxunub:7101
Türkiyə teleserialları bizim efirlərə ayaq açanda ilk dəfə yaddaşını itirmiş adamlara, film obrazlarına rast gəldim. Ha deyəndə, bir cavan adamı ekrana gətirib ya maşın qəzasından, ya da başqa bir şiddət hadisəsindən sonra “hafizesini kayb etmiş” kimi təqdim edirdilər. Onda mən insanın yaddaşını itirməsinə film uydurması, serial gopu kimi baxırdım. İllər sonra anladım ki, bu huşsuzluq elektron əsrinin xəstəliklərindəndir. Huşsuzluq xəstəliyinin bir əmisioğlu da var: yuxusuzluq.
Huşsuzluq indiki cavanlar arasında çox yayğındır. Bildiyim qədərincə bu huşsuzluğu radioaktiv şüalar, yaddaş neyronlarını yeyən sputnik “dostlar”, elektron cihazların yaddaşına arxayınçılıqlar əmələ gətirir. Evlərdə, ictimai iaşə obyektlərində, iş yerlərində, parklarda – yəni faktiki olaraq hər yerdə açıq qalan televizorlar, kompüterlər, nəzarət kameraları, terminallar, vayfay şəbəkələri dayanmadan fəaliyyətdədir. Hələ bunların üstünə kimyəvi içkiləri, süni qidaları, geni modifikasiya olunmuş meyvə-tərəvəzləri də gəlsək, mənzərə tam aydın olacaq. Hiss olunan budur ki, huşsuzluğun yaşı getdikcə gəncləşir.

Bu yaxınlarda tezliklə ailə quracaq bizə qohumluğu çatan bir gənc xanımla söhbətləşirdim. Ona zarafatla dedim, sən ərə getsən də dünyaya uşaq gətirmə. Bu sözü zarafatla dediyimi bilirdi, amma arxasındakı gülməli mənanı bilmək üçün soruşdu ki, niyə? Dedim, huşsuz adamsan, bir də gördün, körpəni metroda unudub evə əliboş qayıtdın. Sonra da gülüşdük. Boynuna aldı ki, vəziyət həqiqətən o həddədir. Sonra dərdi açıldı, nə açıldı! Dedi, bax, cəmisi 23 yaşım var, ancaq evdə bir iş dalınca bu otaqdan o birisinə keçməli oluram. O biri otaqda dayanıb fikirləşirəm, görəsən, bura nə üçün keçdim? Yəni aradan yarım dəqiqə keçməmiş fikir-məqsədimi unuduram.

Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayar, əvvəllər huşsuz-yaddaşsız qoca-cavan olmazdı. Ancaq bu gün az qala hər evdə hafizəsini itirmiş bir qoca yaşayır. Qocalar bir yana, sizə haradan deyim, kimdən danışım, gənclərdən.

O gün huşsuzluqdan söhbət düşmüşdü, bir dostum söylədi ki, kənddə qonşu evinə qonaq getmişdim. Gördüm, evdə məktəbli qızlar deyib-gülürlər. Soruşdum, bu nə şənlikdi belə? Dedilər, Almaz telefonunu itirmişdi, səssizə qoyduğuna görə zəng eləyib tapmaq da mümkün deyildi. Bu gün təsadüfən tapmışıq. Məzə üçün məndən soruşdular ki, hardan tapsaq yaxşıdı? Dedim, nə bilim, məsələn, divanın altından. Gülüb dedilər, əşi, biraz orijinal ol, kreativ düşün, divanın altına telefon salmaq ən adi halımızdı. Fikirləş, özgə harda qoya bilərik telefonu?

Dedim, tualetdə. Gülüb dedilər, sənin fantaziyan çox kasıbdı, biraz da tündləşdir. Dedim, nə bilim, qazanın içində. Dedilər, bax, indi biraz yaxınlaşdın. Dedim, siz canınız, ta, deyin bilək, özgə harda qoymusunuz o məlun smartfonunuzu? Hardan tapsalar yaxşıdı? Soyuducunun buz dolabından, a kişi!

Demək, Almaz gözünə döndüyüm, əlində telefon, bişirmək üçün buz dolabından ət çıxarır və telefonu ordaca unudur. Telefon içəridə donmaqda olsun, bunlar da bütün evi alt-üst eləyib axtarmaqda. Tapmadıqdan sonra başlayırlar o gündən evlərinə kim gəlibsə, onlardan şübhələnməyə. Görəsən, o oğurlayarmı, bu oğurlayarmı? Nəhayət, günlərin bir günü, yenə onlara ət bişirmək lazım olur və smartfon buzluqda tapılır. Mən də gülüb dedim, bu, lap buz dövründən qalmış dinozavr sümüklərinin aşkarlanmasına bənzədi.

Murad Köhnəqala
Azvision.az üçün



Teqlər:





Xəbər lenti