İrəvan Putinin köməkçisini yalançılıqda ittiham etdi

İrəvan Putinin köməkçisini yalançılıqda ittiham etdi
  05 Dekabr 2018    Oxunub:4755
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin 6 dekabr tarixində nəzərdə tutulan sammitinin ləğvini xahiş etməyib.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqonyan deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovun sammitin təxirə salınmasilə bağlı söylədikləri həqiqətə uyğun deyil.

“Ermənistan KTMT-nin sammitinin təxirə salınmasını təklif etməyib. 2 dekabrda Nikol Paşinyanın bununla bağlı jurnalistlərə açıqlaması olub və hər şey onun söylədiyi kimidir”, – Yeqonyan bəyan edib.

Qeyd edək ki, bir neçə saat əvvəl Uşakov KTMT-nin 6 dekabrdakı sammitinin Ermənistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri ilə əlaqədar dəyişdirildiyini bildirib: “Astanadakı görüşdə liderlər növbəti sammitin 6 dekabrda keçirilməsi barədə razılığa gəlmişdilər. Lakin 9 dekabr parlament seçkiləri ərəfəsində keçirilən seçki kampaniyasını əsas gətirən Ermənistan hökumətinin xahişi nəzərə alınaraq, KTMT-nin sammitini keçirməməyi qərarlaşdırdıq”.

2 dekabrda Paşinyan isə bildirmişdi ki, sammitin təxirə salınması barədə təklif Putindən gəlib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   KTMT   Rusiya  





Xəbər lenti