Brüsseldə etiraz aksiyaları – 60 nəfər həbs olunub

 Brüsseldə etiraz aksiyaları –  60 nəfər həbs olunub
  30 Noyabr 2018    Oxunub:4782
Belçikanın paytaxtı Brüsseldə yanacaq qiymətlərinin artırılması, yaşayış xərclərinin çoxalmasi ilə sosial rifah səviyyəsinin düşməsi və vergilərə qarşı qeydə alınmamış “sarı gödəkçələr” etiraz aksiyasını dağıtmaq üçün polis nümayişçilərə qarşı su şırnağı və gözyaşardıcı qaz tətbiq edib.
Azvision.az “Daily Express”ə istinadən xəbər verir ki, yüzlərlə etirazçı Brüsselin mərkəzi küçələrini bloklayaraq nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar. Daha sonra Brüsselin mərkəzi vağzalına doğru irəliləyən nümayişçilər və maskalı gənclər qarşılarına çıxan obyektlərə ziyan vurmağa, vandal hərəkətlər etməyə başlayıblar.



Aksiyalar zamanı etirazçılar Belçika hökumətinin işindən şikayətlənərək baş nazir Şarl Mişelin istefasını tələb ediblər.

Etirazçılar, həmçinin bir sıra dövlətlərin Belçikadakı diplomatik nümayəndəliklərinin yerləşdiyi Rejan və Lua küçələrini birləşdirən kəsişməni də bloklayıblar. Turistlərin çox olduğu mərkəzi ərazidə - Kral sarayı meydanında və İncəsənət muzeyi ətrafında xüsusi polis dəstələri cəmləşdirilib, bir neçə metro stansiyasının fəaliyyəti dayandırılıb.

Aksiyanı dağıtmağa çalışan polislə nümayişçilər arasında baş verən toqquşmada 60 etirazçı həbs olunub.



Qeyd edək ki, Büsseldəki etirazlar Fransadakı taksi sürücülərinin “sarı gödəkçələr” aksiyalarının davamı kimi qiymətləndirilir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Belçika   Brüssel   Fransa   Aksiya  





Xəbər lenti