"Media və mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib - Fotolar

"Media və mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib -  Fotolar
  30 Noyabr 2018    Oxunub:2769
Bakıda “Media və mənəvi dəyərlər” mövzusunda konfrans və eyni adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə mətbuat nümayəndələri, qəzet redaktorları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov mərasimi açaraq Fondun gördüyü işlər və müsabiqənin əhəmiyyəti barəsində danışıb. O, həmçinin qalibləri təbrik edib. Bildirib ki, mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır.



Çünki mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz mənəvi dəyərlər sisteminə aiddir.



Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “SƏS” Media qrupunun rəhbəri Bəhruz Quliyev Fondla mətbuatın birgə əməkdaşlığından danışıb və mətbuatın ictimai fikirdə, cəmiyyətdə oynadığı rolu qeyd edib. Bildirib ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür.



Daha sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, gənclərimizin mənəvi-əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3, həmçinin 5 həvəsləndirici yer müəyyən edilib.

Azvision.az


Teqlər: Mənəvi-Dəyərlərin-Təbliği-Fondu   Jurnalist  





Xəbər lenti