Prezident seçkilərinin vaxtı ilə bağlı ziddiyət aradan qaldırıldı

Prezident seçkilərinin vaxtı ilə bağlı ziddiyət aradan qaldırıldı
  30 Noyabr 2018    Oxunub:2398
Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyət aradan qaldırılıb.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir.

Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir. Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezidentseçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir.

Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Seçki   Qanunvericilik  





Xəbər lenti