Fransadan Zurabişviliyə siyasi dəstək

 Fransadan Zurabişviliyə siyasi dəstək
  29 Noyabr 2018    Oxunub:4036
Rəsmi Paris Salome Zurabişvilinin Gürcüstanın prezidenti postuna seçilməsini alqışlayır və onun prezidentliyi dövründə iki ölkə arasındakı qədim və gözəl münasibətlərin daha da möhkəmləndirilməsi üzərində işləməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Salome Zurabişviliyə təbrik bəyanatında deyilib.

“Prezident seçkilərinin birinci turundan bir ay keçdikdən sonra müstəqil namizəd Salome Zurabişvili Gürcüstanın prezidenti seçilib. Fransa ona ən səmimi təbriklərini çatdırır və öz vəzifələrinin icrasında uğurlar arzulayır” – Fransa XİN-in bəyanatında bildirilib.

Sənəddə həmçinin vurğulanıb ki, Paris bundan sonra da Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenlik maraqlarına uyğun şəkildə davranmaqda niyyətlidir.

Qeyd edək ki, ötən gün keçirilən prezident seçkilərinin ikinci turunun yekun rəsmi nəticəsinə əsasən, Gürcüstanın keçmiş xarici işlər naziri, hakim “Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Zurabişvili növbəti 6 ildə ölkəsinin ilk qadın prezidenti seçilib. Konstitusiyaya uyğun olaraq Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da keçiriləcək.

Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə 1921-ci ildə Gürcüstanı tərk etmək məcburiyyətində olan gürcü siyasi mühacirlər Levan Zurabişvili və Zeynəb Kedianın ailəsində anadan olub. 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirib. Növbəti ildə Fransa Xarici İşlər Nazirliyində işləməyə başlayıb. Bütövlükdə, Zurabişvili ömrünün son 30 ilini Fransa XİN-də müxtəlif vəzifələrdə çalışıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Gürcüstan   Fransa  





Xəbər lenti