Ukraynanın 10 regionunda hərbi rejimə keçildi

 Ukraynanın 10 regionunda hərbi rejimə keçildi
  29 Noyabr 2018    Oxunub:3796
Kerç boğazındakı insidentlə əlaqədar bu gündən etibarən Ukraynanın 10 regionunda hərbi rejimə keçilib. Belə ki, hərbi vəziyyətin tətbiqinə dair qanun “Uryadovıy kuryer” hökumət qəzetində dərc olunub və bununla da, qanun rəsmən qüvvəyə minib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəddə 30 gün ərzində Ukraynanın 10 əyalətində - Vinnitsa, Luqansk, Nikolayev, Sumı, Odessa, Xarkov, Çerniqov, Donetsk, Zaporojya, Xerson əyalətlərində, o cümlədən, Azov-Kerç akvatoriyasının daxili sularında hərbi vəziyyyətin tətbiq olunduğu qeyd edilib.

Hərbi vəziyyətlə bağlı yeni rejim seçkilərdə iştirak hüququ, fikir və söz azadlığı da daxil olmaqla vətəndaşların konstitusion hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü nəzərdə tutur.

Qeyd edək ki, hərbi vəziyyət şəraitində səfərbərlik Ukrayna Prezidenti tərəfindən elan olunur. Hazırkı prezident Petro Poroşenko Kerç boğazındakı insidentlə əlaqədar ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərmişdi. Lakin daha sonra hərbi rejim müddəti 30 günə endirilib və noyabrın 26-da Ali Rada Poroşenkonun hərbi vəziyyətlə bağlı fərmanını təsdiqləyib.

Xatırladaq ki, 25 noyabrda Ukraynaya məxsus “Berdyansk” və “Nikopol” kiçik zirehli artilleriya katerləri, həmçinin “Yanı Kapu” yedək gəmisi tapşırığı yerinə yetirib geri qayıdarkən Rusiyanın Qara Dəniz Donanması tərəfindən ələ keçirilib. Həmçinin ümumilikdə gəmilərdəki 24 nəfər ukraynalı dənizçi də saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, Rusiyanın Qara dənizdəki ərazi sularına girən gəmilər Rusiya sərhəd xidmətinin xəbərdarlıqlarına baxmayaraq, təhlükəli manevrlər etdiyindən onlara qarşı silahlı güc tətbiq edilərək dayandırılıblar. Əməliyyat zamanı 3 Ukrayna hərbçisinin yaralandığı və sonradan onlara tibbi yardım göstərildiyi bildirilib. İnsidentlə əlaqədar Rusiya sərhədlərinin pozulması üzrə cinayət işi açılıb və ukraynalı dənizçilərdən biri həbs olunub.

Ukrayna tərəfi isə Rusiyanın yaydığı məlumatın düzgün olmadığını və yaralı hərbçilərin 6 nəfər olduğunu bildirib. Rəsmi Kiyevə görə, Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktıdır. Bu səbəbdən də, Poroşenko ölkədə hərbi vəziyyət elan etmək qərarına gəlib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ukrayna   Kerç   Rusiya  





Xəbər lenti