Masallıda yaradılan DAİM fəaliyyətə başladı - FOTOLAR

Masallıda yaradılan DAİM fəaliyyətə başladı -  FOTOLAR
  27 Noyabr 2018    Oxunub:11034
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) fermerlərə xidmət göstərməyə başlayıb. Bu məqsədlə mərkəzdə media üçün təqdimat keçirilib.

Azvision.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov mərkəzdə yaradılan şəraitlə tanış olub, daha sonra fermerlərlə görüş keçirilib.


Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci 31 iyul tarixli fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.



Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar.



Bundan başqa, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya şuraları da yaradılır. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.



Tanışlıq zamanı bildirilib ki, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Fitosanitar Xidməti) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə 68 növ xidmət göstərilir.

Mərkəzin 52 əməkdaşı var. Üç mərtəbə və zirzəmidən ibarət olan binada 35 iş otağı, mətbəx, məişət otağı, təlim mərkəzi və iclas zalı var.



Burada diaqnostik və bakterioloji laboratoriyalar və mərkəz fəaliyyət göstərir. Lənkəran Aqrokimya Laboratoriyasının Masallı rayonu üzrə baş aqrokimyaçısı mərkəzdə əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşdırılmasını və kartoqramların hazırlanmasını həyata keçirir, Lənkəran Toxum Sertifikatlaşdırma Laboratoriyasının Masallı rayonu üzrə baş aqronomu isə toxumluq əkinlərin aprobasiyasını təşkil edir, toxumların keyfiyyət göstəricilərini müəyyənləşdirir və sertifikatlaşdırma aparır. Masallı Bitki Mühafizə Mərkəzi rayon ərazisində kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılması, xüsusi təhlükəli zərərvericilərə, karantin zərərvericilərinə, xəstəlik və alaq otlarına qarşı müşahidə və mübarizə tədbirləri görür.



Masallı Rayon Baytarlıq İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən epizootik tədbirlər planında nəzərdə tutulmuş, dövlət büdcəsindən maliyyələşən xəstəliklərə (qarayara, quduzluq, dabaq, leptosprioz, qoyunların çiçək xəstəlikləri, bruselyoz REV-1, Brudols19, quşların Nyukasl xəstəliyi, qara-malın nodulyar dermatit xəstəliyi) qarşı profilaktik peyvəndləmələr və diaqnostik müayinələr aparır. Bundan başqa, rayon Baytarlıq İdarəsi heyvan sahiblərinin öz vəsaiti hesabına digər profilaktik peyvəndləmələr, diaqnostik müayinələr, obyektin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası və heyvanların müalicəsini həyata keçirir.



Baş Dövlət Texniki Nəzarət Xidmətinin Cəlilabad Regional Bölməsinin Masallı rayonu üzrə baş məsləhətçisi tərəfindən isə rayon ərazisində mövcud kənd təsərrüfatı texnikalarının illik texniki baxışı aparılır.











Aytən Zəhra
FOTO: Şahin Sərdarov



Teqlər: Masallı   DAİM  





Xəbər lenti