İki Avropa ölkəsi arasında qalmaqal – “Brexit”ə veto qoyulacaq

İki Avropa ölkəsi arasında qalmaqal  –  “Brexit”ə veto qoyulacaq
  23 Noyabr 2018    Oxunub:5782
Bu gün “Brexit” saziş layihəsi üzrə Avropa İttifaqı (Aİ) tərəfdən danışıqların iştirakçıları bir araya gələrək Cəbəllütariq məsələsi ilə bağlı son maneəni dəf etməyə çalışıblar. Lakin İspaniyanın kəskin və davamlı etirazları saziş mətninin son anadək tam hazır edilə bilməyəcəyini göstərib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, İspaniya Böyük Britaniyanın Aİ-dan çıxmasına dair sazişdə və Londonla İttifaqın gələcək münasibətlərinə dair siyasi bəyannamədə dəyişikliklər edilməsini tələb edib.

Bu dəyişikliklər “mübahisəli ərazi olan Cəbəllütariqlə bağlı istənilən qərar Madridlə birbaşa danışıqlar nəticəsində verilməlidir” bəndinin salınmasından ibarətdir.

Lakin Cəbəllütariqin birinci naziri Fabian Pikardoya görə, bu məsələdə İspaniyalı həmkarları ilə əvvəlcədən anlaşma əldə olunub və indiki tələblər mənasızdır.

“Saziş mətni üzərində çox çalışmışıq və əslində Britaniyanın İttifaqdan çıxma prosesində Cəbəllütariqin rolu ilə bağlı ispan həmkarlarımızla razılığa gəlmişik. Əgər Cəbəllütariq məsələsində bir vergül, yaxud nöqtəyə görə sazişə yenidən baxılsa, onda digər mübahisəli mövzularla da bağlı yeni müzakirələr tələb olunacaq” – Pikardo vurğulayıb.

Qeyd edək ki, İspaniyanın baş naziri Pedro Sançes Cəbəllütariq məsələsilə bağlı mətndə dəyişiklik edilməsə “Brexit” sazişinə veto qoyacağilə hədələyib. Lakin Aİ-nın qanunlarına əsasən, təşkilatdan çıxmaq barədə müqavilə yekdillik yox, mütləq əksəriyyət prinsipi üzrə qəbul olunur. Yəni tək İspaniyanın vetosu ilə “Brexit” sazişi bloklanmayacaq.

Xatırladaq ki, 25 noyabrda Aİ ölkələrinin liderləri “Brexit”lə bağlı xüsusi sammit keçirəcəklər. Artıq Britaniya hökuməti “Brexit”ə dair saziş layihəsini təsdiqləyib.

Cəbəllütariq Britaniyanın İspaniya ilə mübahisəli dənizdən kənar ərazisidir. İspaniyanın yerləşdiyi Pireney yarımadasının cənubunda - Aralıq dənizi ilə Atlantik okeanını, həmçinin, Avropa ilə Afrikanı birləşdirən Cəbəllütariq boğazının üzərində yerləşən strateji əhəmiyyətli bu ərazidə NATO-nun hərbi-dəniz bazası mövcuddur. Cəbəllütariq 1973-cü ildə Britaniya ilə birlikdə Aİ-na üzv olub. Cəbəllütariqin sakinləri Britaniyanın və Aİ-nın vətəndaşları sayılırlar və 2004-cü ildən etibarən onlar Avropa parlamentinə seçkilərdə iştirak edirlər. Lakin Cəbəllütariq İttifaqın Şengen və vahid gömrük zonalarına daxil deyil.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İspaniya   Cəbəllütariq   Britaniya   Avropaİttifaqı   Brexit  





Xəbər lenti