“Brexit”lə bağlı yeni danışıqlar olmayacaq

 “Brexit”lə bağlı yeni danışıqlar olmayacaq
  19 Noyabr 2018    Oxunub:3434
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxış formasının mexanizmlərini ehtiva edən “Brexit” prosesinə dair Londonla Brüssel arasında əldə olunan saziş üzrə yenidən danışıqların aparılması istisnadır.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Piter Altmayer “ZDF” ictimai televiziyasına müsahibəsində deyib. Bununla da, sazişə etiraz edən britaniyalı deputatları sənədi qəbul etməyə çağırıb.

“Düşünürəm ki, biz danışıqlar nəticəsidə əldə etdiyimiz nəticəyə (sazişə) dəstək verməliyik, çünki bununla biz, bu nəticəni səsverməyə (Britaniya parlamentində) qoyacaq Tereza Meyin mövqeyini gücləndirəcəyik”- Altmayer bildirib.

Qeyd edək ki, ötən həftə 5 saatlıq fövqəladə iclasında Britaniya hökuməti “Brexit”lə bağlı 400 səhifəlik saziş layihəsini təsdiq edib. Lakin sazişə etiraz edən nazirlər də olub. Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Dominik Raab və Şimali İrlandiya işləri üzrə nazir Şeyleş Vara baş nazir Tereza Meyin Brüssellə danışıqlarda sərgilədiyi yumşaq mövqeyə və “Brexit” sazişindəki bəzi müddəalara görə tutduğu vəzifələrdən istefa veriblər. Bununla da, Meyin “Brexit” siyasətinə etiraz olaraq Britaniya hökumətini tərk edən rəsmilərin sayı 18-ə çatıb.

Britaniya mətbuatı yazır ki, Tereza Meyin rəhbəri olduğu Mühafizəkarlar partiyasının əksər üzvləri də “Brexit” barədə saziş layihəsinə səsvermədə əleyhinə mövqe tutacaqlar. Hətta Meyin hökumət başçısı vəzifəsindən uzaqlaşdırılması üçün yaxın günlərdə deputatların baş nazirə etimadsızlıqla bağlı səsvermə keçirəcəkləri bildirilir.

Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Almaniya   Avropaİttifaqı  





Xəbər lenti