“Brexit” məsələləri üzrə nazir istefa verdi

“Brexit” məsələləri üzrə nazir istefa verdi
  15 Noyabr 2018    Oxunub:2282
Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Dominik Raab tutduğu vəzifədən istefa verib.

Azvision.az xəbər verir ki, bu barədə Raab özü "Tvitter" səhifəsində bəyan edib. O, bildiirb ki, istefasının səbəbi Britaniyanın Avropa İttifaqından çıxış formasını ehtiva edən “Brexit” prosesinə dair çərçivə sazişinin müddəaları ilə razılaşmamasıdır.
“Mən, bizim Avropa İttifaqı ilə sazişimiz üçün təklif edilən şərtləri təmiz vicdanla dəstəkləyə bilmərəm” – Raab yazıb.

Britaniyalı nazir həmçinin, istefa ərizəsini də "Tvitter"ə yerləşdirib. Ərizədə Raab istefasının başlıca səbəblərindən biri kimi, “Brexit”lə bağlı çərçivə sazişində Şimali İrlandiyaya tənzimləyici rejimin təklif edilməsini göstərib. Onun fikrincə, belə bir rejim Birləşmiş Krallığın ərazi bütövlüyünə təhdiddir.

Bundan əlavə, Raab Britaniyanın İttifaqdan çıxma haqqının olmasına rəğmən, Avropa İttifaqının bir veto ilə bu prosesi qeyri-müəyyən müddətə geriyə salmaq imkanına etiraz edib.

Qeyd edək ki, ötən günkü fövqəladə iclasında Britaniya hökuməti “Brexit”lə bağlı 400 səhifəlik saziş layihəsini təsdiq edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avropa   Brexit   Britaniya  





Xəbər lenti