Azərbaycan, Pakistan və Türkiyə dostluğu qeyd olundu - FOTOLAR

Azərbaycan, Pakistan və Türkiyə dostluğu qeyd olundu -  FOTOLAR
  15 Noyabr 2018    Oxunub:2374
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə dövlətləri və xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azvision.az-a verilən xəbərə görə, tədbir hər üç ölkənin Los Ancelesdəki Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə təşkil edilib. Azərbaycanın Baş Konsulluğunun ev sahibliyi etdiyi tədbirdə sözügedən ölkələrin Kaliforniyadakı icmalarının rəhbərləri və üzvləri, tanınmış ictimai xadimlər və jurnalistlər iştirak edib.



Hər üç ölkənin dövlət himnlərinin ifasından sonra tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev hər kəsi bu qardaşlıq tədbirində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan-Pakistan-Türkiyə münasibətlərinə toxunan baş konsul üç ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.



O, Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat, Pakistanın işğalçı Ermənistanı dövlət kimi tanımamasını və Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlanılmasının hər iki qardaş ölkənin Azərbaycan ilə həmrəyliyinin bariz göstəriciləri olduğunu qeyd edib.



Azərbaycan-Türkiyə münasibətlərindən danışan N.Ağayev Türkiyənin həm ilk Azərbaycan Demokratik Respublikası dönəmində, həm də 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra hər zaman Azərbaycanın yanında olduğunu və bütün məsələlərdə ölkəmizə dəstək nümayiş etdirdiyini bildirib.



Azərbaycan-Pakistan münasibətlərinə toxunan baş konsul ikitərəfli münasibətlərin siyasi, hərbi, humanitar və digər sahələrdə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələr barədə məlumat verib.



Daha sonra çıxış edən Türkiyənin Los Ancelesdəki baş konsulu Can Oğuz üç ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın vacibliyindən danışıb.



Pakistanın Los Ancelesdəki baş konsulunun müavini Şoaib Sərvər çıxış edərək, üç ölkə arasında sıx münasibətlərin Los Ancelesdəki Baş Konsulluqlar və buradakı icmalar arasındakı münasibətlərə çox önəmli təsir göstərdiyini bildirib və bu kimi birgə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.



Sonra Azərbaycan icmasının fəal üzvü, Kaliforniya Azərbaycan Dostluq Assosiasıyasının icraçı direktoru Kimiya Məmmədova, Pakistan icmasından Los Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi və Pakistan Şurasının icraçı direktoru İmran Şərif və Türkiyə icmasının fəal üzvü Ergün Kırlıkovalı çıxış edərək, Azərbaycan, Pakistan və Türkiyə icmalarını bir araya gətirmək təşəbbüsünü alqışladıqlarını və bu tədbirin hər üç icmanı bir-birilərinə daha da yaxınlaşdıracağına ümidvar olduqlarını bildiriblər. Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.








Azvision.az


Teqlər: Azərbaycan   Pakistan   Türkiyə  





Xəbər lenti