Çin Şimali Koreya ilə maliyyə əməliyyatlarını dayandırıb

Çin Şimali Koreya ilə maliyyə əməliyyatlarını dayandırıb
  14 Noyabr 2018    Oxunub:2615
Çin Xalq Respublikasının hökuməti Şimali Koreya üzərindən sanksiyalar götürülməyənədək Pxenyanla maliyyə əməliyyatları aparmamaq barədə göstəriş verib.
Azvision.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın KBS telekanalı Şenyandakı yerli mənbələrinə istinadən məlumat yayıb.

“Çin hakimiyyəti belə bir göstəriş verib ki, Şimali Koreyaya tətbiq edilən sanksiyalar ləğv edilməyənədək onunla pul mübadiləsi aparmaq olmaz” – Şimali Koreya ilə əməkdaşlıq edən çinli biznesmen bildirib.

Həmçinin qeyd olunub ki, 2018-ci ilin əvvəlindən avqustunadək Çinlə Şimali Koreya arasındakı ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 58% azalıb. Bu ilin oktyabrından isə iki ölkə arasındakı ticarət mübadiləsi demək olar ki, dayandırılıb.

“İndi heç kəsin Şimali Koreyaya investisiya yatırmaq niyyəti yoxdur. Elə biz (Çin) də onlarla ticarət apara bilmirik, çünki ticari əməliyyatlarımızdakı məhsullar sanksiyalara məruz qalan mallardır”, – mənbə əlavə edib.

Xatırladaq ki, bundan əvvəl rəsmi Pekin BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarına riayət edəcəyini bəyan edib. Bununla yanaşı, Çin Koreya yarımadasının koordinasiyalı və mərhələli şəkildə nüvəsizləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Koreya   Çin   BMT  





Xəbər lenti