“KTMT daxilində ziddiyyətlər var” - Minsk-Bakı yaxınlığı İrəvanı narahat edir

 “KTMT daxilində ziddiyyətlər var”  - Minsk-Bakı yaxınlığı İrəvanı narahat edir
  13 Noyabr 2018    Oxunub:3885
"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 6 üzv ölkənin maraqlarının müzakirə platforması kimi baxır və təşkilat daxilində qərarlar konsensusla qəbul olunmalıdır. Lakin son zamanlar KTMT üzvlərinin Azərbaycana münasibəti təşkilat daxilində zidiyyətlərə dəlalət edir".
Azvision.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bu gün keçirdiyi brifinqdə deyib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov ilə KTMT-nin baş katibi postuna namizədi müzakirə etməsi məsələsinə İrəvanın mövqeyini öyrənmək istəyən jurnalistlərə cavabında Naqdalyan bildirib ki, “Bu cür faktlar KTMT daxilində problemlərin olduğunu göstərir. Bu problemlər yanlışdır və həll edilməlidir.”

XİN-in sözçüsü həmçinin, 2020-ci ilədək Ermənistanın KTMT-nin baş katibi postunda öz nümayəndəliyini davam etdirmək hüququnun olduğunu deyərək, bir növ, məsələ ilə bağlı İrəvanın təşkilatda təklənməsindən şikayətlənib.

Əgər KTMT-nin baş katibi postuna Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zas təyin olunarsa, onun Bakıda hərbi təhsil almasından və Minskin Bakı ilə əməkdaşlığı aktivləşdirməsindən dolayı Zasın azərbaycanpərəst mövqe tutacağilə bağlı jurnalistlərin digər sualına isə Naqdalyanın cavabı belə olub: “Zənnimcə təsəvvürlər bir qədər şişirdilir. Baş katib əslində bir növ menecerdir və müstəqil şəkildə fəaliyyət göstərmək səlahiyyətlərinə malik deyil. Çünki baş katib 6 ölkənin maraqlarını təmsil edir”.

Xatırladaq ki, Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Yuri Xaçaturov İrəvanın təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən,vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.

8 noyabrda KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, yeni baş katib Belarus nümayəndəsi olacaq. Bununla da, KTMT liderləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nİkol Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkiblər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   Belarus   KTMT  





Xəbər lenti