Almaniya televiziyası: “Erməni mafiyası ciddi təhlükədir” – VİDEO

  Almaniya televiziyası:  “Erməni mafiyası ciddi təhlükədir” –  VİDEO
  10 Noyabr 2018    Oxunub:7345
Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair 07.11.2018 tarixində MDR televiziyasında efirə verilməli olan “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmin nümayişi Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb.
30 dəqiqəlik sənədli filmin nümayişi üçün nəzərdə tutulmuş efir vaxtında mövzuya dair təxminən 7 dəqiqəlik reportaj yayımlanıb. Reportajda Almaniyada erməni mafiyasının fəaliyyəti və bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırmalarına dair məlumat verilir, məsələyə dair MDR televiziyası və Der Spiegel jurnalının birgə jurnalist araşdırması apardığı diqqətə çatdırılır və həmin araşdırmanın həmmüəlliflərindən biri, MDR televiziyasının müxbiri Aksel Hemmerlinqlə (Axel Hemmerling) müsahibə təqdim olunur.



Qeyd edilir ki, Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə boyu səpələnib. Erməni cinayətkar qruplaşmalarına “avtoritarlar” rəhbərlik edir, onlar da öz növbəsində “qanuni oğrulara” tabe olurlar.

Avropol və İnterpol təşkilatlarına istinadən, erməni “qanuni oğruların” sayının 670-900 arasında olduğunun ehtimal edildiyi və onların əksəriyyətinin Almaniyadan kənarda yaşadıqları diqqətə çatdırılır. Bildirilir ki, Almaniyada və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə işgüzar əlaqələrinə dair dəlillər mövcuddur. Məlumatda eyni zamanda, Almaniyanın hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün texniki imkanlarının və qanunvericilik bazasının zəif olduğu xəbər verilir.

Reportajda daha sonra erməni mafiyası haqda hazırlanmış sənədli filmin efirə getməsinin efir saatından bir neçə saat əvvəl məhkəmə qərarı ilə müvəqqəti təxirə salındığı diqqətə çatdırılır və qeyd edilir ki, Ermənistan səfiri jurnalistlərin araşdırmasında öz əksini tapan məlumatların təkzib olunmasını tələb etmiş, bu, MDR tərəfindən təmin edilmədikdən sonra isə məhkəmə qarşısında iddia qaldırıb. İddianın araşdırılması və MDR-in məsələyə hüquqi cavab verməsi üçün vaxtın məhdud olması səbəbindən məhkəmə reportajın efirə getməsinin müvəqqəti olaraq dayandırılmasına dair qərar vermişdir. Reportajda qeyd olunur ki, sözügedən sənədli film hüquqi məsələlərə aydınlıq gətirildikdən sonra efirə gedəcək.

Almaniyada mətbuat azadlığına mane ola biləcək iddialar (hətta AFR hökuməti ilə bağlı olan məsələlərə dair) bir qayda olaraq, məhkəmə tərəfindən təmin edilmir. Bu baxımdan, çoxları Ermənistan səfirinin qaldırdığı iddianın da tezliklə MDR televiziyasının xeyrinə həll ediləcəyi və sənədli filmin yaxın zamanlarda efirə veriləcəyi qənaətindədirlər.

Bundan əlavə, Ermənistan səfirinin hüquqi addımlara əl atması ictimaiyyətin diqqətini bir qədər də bu məsələyə yönəltmiş və Almaniyanın bütün aparıcı KİV-ləri bu mövzunu xüsusilə mətbuat azadlığı üçün jurnalist həmrəyliyi kontekstində nəzarətə götürüblər.

Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Almanyada və digər Avropa ölkələrində, o cümlədən, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir. Ermənistanın Almaniyadakı səfirinin də adı hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır.

Ümidvarıq ki, tezliklə Belçikanın hüquq-mühafizə orqanları Brüsseldə Azərbaycana qarşı fəaliyyət aparan, Avropa Parlamentin bəzi deputatlarını ələ alan erməni lobbisinin rəhbəri, brilyant alverçisi Kaspar Karampetyanın da fəaliyyətini araşdıracaqlar.



Teqlər: Erməni-Mafiyası  





Xəbər lenti