Mədət Quliyev kitabxana açılışında - FOTO

Mədət Quliyev kitabxana açılışında -  FOTO
  09 Noyabr 2018    Oxunub:2481
Noyabrın 8-də Dövlət Bayrağı Günü ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış yeni kitabxananın açılışı olub.
Açılış mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, DTX-nin əməkdaşları, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Milli Ensiklopediyasının rəhbərliyi və nümayəndələri, eləcə də respublikanın tanınmış ictimai və incəsənət xadimləri iştirak ediblər.



Məlumat verilib ki, cəmiyyətin maarifləndirilməsi, gənclərin vətənpərvərlik və dövlətçilik ruhunda yetişdirilməsi istiqamətində kitabxanaçılıq işi böyük əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasət hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin prioritet istiqamətlərindən olan elm və təhsilin daha da inkişaf etdirilməsi, ümumən yüksək intellektli insan kapitalının yaradılması üçün misilsiz işlər görülür. Bu sahədə fəaliyyətin səmərəli və düzgün təşkili məqsədilə cəmiyyətdə mütaliəyə marağın artırılmasına, yeni kitab mərkəzlərinin və kitabxanaların yaradılmasına xüsusi önəm verilir. Elmi-mədəni quruculuq sahəsində dövlət maraqlarının təmin olunmasında yaxından iştirak edən DTX-nin Mədəniyyət Mərkəzində geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən kitabxana da məhz bu məqsədlə yaradılıb.



Kitabxanada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyi, Azərbaycan Milli Ensiklopediyası, həmçinin siyasət, hüquq, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələrə aid ümumilikdə beş mindən çox kitab yer alıb. Bu nəşrlərin əksəriyyəti Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasından, AMEA-nın Mərkəzi Elmi Kitabxanasından, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından, paytaxtda fəaliyyət göstərən digər kitabxanalardan və nəşriyyatlardan hədiyyə edilib. Burada elektron kitabxana da fəaliyyət göstərir.

Sonra tədbir iştirakçıları sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların bayraq mövzusuna dair rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Sərginin iştirakçısı olan uşaqlara həvəsləndirici sertifikatlar verilib.



Tədbir bədii proqramla davam etdirilib. DTX-nin Mədəniyyət Mərkəzinin ansamblı və digər yaradıcı kollektivlər, tanınmış incəsənət xadimləri, rəqs qrupları dövlətçiliyi və dövlət bayrağını tərənnüm edən rəngarəng musiqi nömrələri və mahnılar, o cümlədən Azərbaycanın görkəmli bəstəkarlarının zəngin irsindən nümunələr təqdim ediblər. Eləcə də DTX-nin əməkdaşlarının övladlarının hazırladıqları kompozisiyalar nümayiş olunub.

DTX-nin Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən yüksək səviyyədə hazırlanan bədii proqram sürəkli alqışlarla qarşılanıb.

Azvision.az


Teqlər: DTX   Mədət-Quliyev  





Xəbər lenti