Prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib

 Prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilib
  03 Noyabr 2018    Oxunub:1666
Baş Prokurorluqda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib.
Baş Prokurorluqdan Azvision.az-a verilən məlumata görə, mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu tədbirlər nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub.



Xüsusi vurğulanıb ki, ölkəmiz son 15 ildə sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisini təmin edərək nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olub, dünyadakı nüfuzunu artıraraq 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 3 peykə malik ölkə kimi kosmik kluba daxil olmaqla yanaşı, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi edərək bir dövlət kimi güclü potensiala və mövqeyə malik olduğumuzu dünyaya nümayiş etdirib.

Əldə edilən nailiyyətlər mötəbər beynəlxalq qurumların, o cümlədən biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmaqla ümumi indikatorlar üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin dinamik sosial-iqtisadi inkişafının parlaq göstəricisi kimi dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, respublikamızın davamlı tərəqqisi digər dövlət təsisatları kimi prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin edib, bu mühüm dövlət orqanı fəaliyyətini müasir dövrün daha yüksək tələbləri səviyyəsində quraraq təkmilləşməkdə davam edib, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının, milli dövlət maraqlarımızın qorunmasında, sabitliyin və təhlükəsizliyin təmin olunmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışaraq yeni-yeni uğurlar qazanıb.

Xüsusi olaraq qeyd edilib ki, şərəfli bir inkişaf yolu keçmiş Azərbaycan Prokurorluğunun dövlətçiliyin və xalqın maraqlarına xidmət etməklə, qanun çərçivəsində və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən dövlət qurumu kimi müasir məzmunda formalaşması xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə davam etdirilən məhkəmə hüquq islahatları və prokurorluğa olan diqqət və qayğısı nəticəsində mümkün olub.

Baş prokuror dəfələrlə prokurorluğa olan etimadını vurğulayan Prezident İlham Əliyevin məhz Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi ərəfəsində 28 sentyabr 2018-ci il tarixli Sərəncamla 43 prokurorluq əməkdaşını yüksək dövlət mükafatları - orden və medallarla təltif etməsinin və Azərbaycan Respublikası prokurorluq orqanlarının əməkdaşlarına və veteranlarına ünvanladığı təbrik müraciətinin prokurorluğun kollektivi üçün böyük sevincə səbəb olduğunu bildirib.



Əminliklə qeyd edilib ki, 100 illik tarixə malik Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edəcək, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəltməklə respublikamızın dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 28 sentyabr 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq, ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə “Vətənə xidmətə görə” ordenləri, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunub.

Prokurorluq əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi Azərbaycan Prokurorluğuna Dövlət başçısı tərəfindən göstərilən yüksək etimad və inamın ifadəsi, dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilmiş və prokurorluğun kollektivi üçün böyük məsuliyyət yaratdığı qeyd edilib.

Dövlət təltifinə layiq görülmüş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını ifadə edib və fəaliyyətlərini bu etimada layiq səviyyədə qurulması üçün mümkün tədbirlər görəcəklərini bildiriblər.

Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilib.

Azvision.az


Teqlər: Baş-prokurorluq  





Xəbər lenti