Komitə sədri: “Azərbaycanda ailə dəyərləri itməyib”

 Komitə sədri:  “Azərbaycanda ailə dəyərləri itməyib”
  03 Noyabr 2018    Oxunub:2754
"Azərbaycanda adət-ənənələrin qorunub saxlanılmaması barədə fikir söyləmək düzgün deyil"
Bunu Azvision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda ailə dəyərləri itməyib.

"Ölkəmizdə güclü ailə siyasəti təşkil olunub. Ailə dəyərləri ilə bağlı tək faktları ümumi məsələyə çevirmək olmaz. Belə problemlər yarananda nə etməli olduğumuzla bağlı mexanizmlərimiz var. Məişət zorakılığı hallarının qarşısını almaq üçün Azərbaycanın bütün bölgələrində monitorinq qrupları yaratmışıq. Onlar güclü inkişaf edir, bir tərəfdən profilaktik işlər aparılır, digər tərəfdən belə hadisələr olanda həmin insanlara operativ yardımlar göstərilir. Hadisə hər bir ölkədə ola bilər. Lakin söhbət ondan gedir ki, nə dərəcədə dövlət buna hazırdır və nə dərəcədə dövlətdə hüquqi baza var".

Komitə sədri baş verən ailə hadisələrinin çoxalmasını hazırkı dövrdə onların açıq danışılması ilə əlaqələndirib: "Əvvəl hansısa ailədə hadisə olanda qadın və kişi öz problemlərini kimləsə bölüşmürdü. Bir çox hallarda qapalı vəziyyətdə yaşayırdılar. Bu gün hadisələrin artmasını hiss ediriksə, bu, həmin məsələlərin açıqlığı, onların haqqında açıq danışılması ilə əlaqədardır. Baş verən ailə hadisələrini müzakirə edirik və onların həlli yollarını axtarırıq. Lakin elə ailələr də var ki, onlar nümunəvi ailələrdir və həmin ailələrdə belə hadisələr heç zaman olmayıb. Zaman dəyişir. Texnologiya inkişaf edir. Uşaqların zərərli vərdişlərdən qorunması ilə bağlı qanun layihəsi Milli Məclisdə təsdiq olunub. Bunlar hamısı gələcək nəslimizi qorumaq üçün edilir. Müharibə vaxtında boşluqlar əmələ gəlmişdi, cəmiyyətdə çoxlu problemlər yaranmışdı. Lakin dövlət hazırda bunların qarşısını alır. Bu sahədə çox böyük işlər aparılır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Hicran-Hüseynova  





Xəbər lenti