İstanbul görüşləri: Bakının uğurlu gedişi və qlobal nailiyyətə aparan yol

İstanbul görüşləri:  Bakının uğurlu gedişi və qlobal nailiyyətə aparan yol
  01 Noyabr 2018    Oxunub:3487
Xəbər verdiymiz kimi, 29 oktyabrda İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşü və 30 oktyabrda isə Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib. Görüşlərin sonunda bir sıra mühüm məsələləri əhatə müvafiq bəyannamələr imzalanıb.
Azvision.az bu görüşlərin region üçün əhəmiyyətini nəzərə alaraq, bir sıra məqamları oxucuların diqqətinə çatdırır.

İlk əvvəl onu qeyd edək ki, keçirilən üçtərəfli görüşlər ən başlıcası regionun təhlükəsizliyi və tərəflərin ortaq maraqlarının ən optimal şəkildə realizəsi və bu sahədə gələcək addımların uzlaşdırılması baxımından olduqca vacibdir. Əslində bu ilin martında məhz rəsmi Bakının təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin ilk dördtərəfli görüşü keçirildiyində bəziləri üçtərəfli görüşlərin artıq vahid dördtərəfli formatda birləşdirilməsinin qərarların qəbulu və ümumi məsələlərin müzakirəsi baxımından daha əlverişli olacağını, üçtərəfli formata ehtiyac qalmayacağını hesab edirdilər. Lakin bu dəfəki görüşlər həmin yanaşmaların doğru olmadığını göstərdi.

Çünki beynəlxalq münasibətlərin reallığından çıxış edərək tam əminliklə demək olar ki, istənilən məsələ üzrə aparılan danışıqlarda əgər iştirakçılar məhz ortaq maraqlardan çıxış edən konkret tərəflərdirsə və bura həmin problemin ikinci dərəcəli prioritet olduğu üçüncü ölkələr cəlb edilməyibsə, o zaman məsələnin realizəsi də daha effektiv və operativ olur. Bu baxımdan, Azərbaycanın diplomatik ustalığı ondadır ki, regionun ümumi təhlükəsizliyi və inkişafı ilə yanaşı, həm də konkret iqtisadi layihələrin həyata keçirilməsində maraqlı olan tərəfləri bir araya gətirməyə nail olub və bu istiqamətdə siyasətini uğurla davam etdirir.

Misal kimi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşündə müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyinin qeyd edilməsini göstərə bilərik. Bu xüsusda tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri tərəfindən 31 mart 2018-ci il tarixində Girəsunda imzalanan Müdafiə əməkdaşlığı üzrə Anlaşma Memorandumu təqdirəlayiq hal hesab ediblər. Heç kəsə sirr deyil ki, hər üç ölkə xarici təzyiqlərə boyun əymədən müstəqil siyasət yürüdürlər və regionda Bakı, Ankara və Tbilisini birləşdirən ortaq təhlükəszilik maraqları var. Onların sırasında ən vaciblərdən biri də bu üç ölkə ərazisindən keçən böyük enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsidir. O cümlədən, Gürcüstan və Azərbaycan separatizm kimi olduqca ciddi təhlükəsizlik problemi ilə üz-üzədir. Həmçinin, NATO-ya inteqrasiyaya can atan Gürcüstan üçün alyansın üzvü olan Türkiyə ilə hərbi əməkdaşlıq xüsusi önəm daşıyır. Müharibə şəraitində olan Azərbayan üçün Türkiyə ilə hərbi əməkdaşlıq yolu ilə daim öz Silahlı Qüvvələrini ən müasir standartlara hazırlamaq da həyati əhəmiyyət kəsb edir. Və məhz ortaq maraqların praktikada effektiv tətbiqi üçün xarici işlər nazirlərinin görüşü ilə əsası qoyulan üçtərəfli formatın uğurlu inkişafı nəticəsində bu prosesə müdafiə nazirləri də qoşulduqdan sonra ötən il ilk dəfə Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirdi. Bu dəfəki təlim indiyədək keçirilən birgə kompüter komanda-qərargah təlimlərindəm miqyası və məqsədi ilə seçilirdi. Ekspertlər istisna etmir ki, geoiqtisadi – daha çox Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən boru kəmərlərinin təhlükəsizliyinin təmini üçün formalaşdırılan üçtərəfli hərbi əməkdaşlıq gələcəkdə daha ciddi təhdidlərə qarşı birləşmiş silahlı qüvvələrin yaradılması ilə nəticələnə bilər.

Təbii ki, NATO-nu özünə düşmən bilən İranın Türkiyə ilə bu cür hərbi əməkdaşlıqda iştirakı, yaxud birgə təlimlər keçirməsi mümkün deyil. Bakı-Tbilisi-Ankara formatını fərqli edən cəhətlərindən biri də elə budur – münaqişələrlə dolu Cənubi Qafqaz regionunun təhlükəsizliyində ən çox maraqlı olan ölkələrin üçtərəfli əməkdaşlığı həm də sabitliyə zəmanətdir.

Xarici işlər nazirlərinin VII üçtərəfli görüşündə iş adamları üçün yeni imkanlar yaradacaq platforma qismində Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumunun əhəmiyyəti də vurğulanıb və Azərbaycanda keçiriləcək sözügedən forumun qarşıdan gələn sessiyasında geniş iştirakın təşviq edilməsi qərara alınıb. Bu isə türkiyəli və gürcü iş adamlarının ölkəmizin iqtisadi durumu və mövcud əlverişli biznes mühiti ilə yerindəcə tanış olaraq Azərbaycanda öz bizneslərini qurması, yaxud perspektivli layihələrə investiya yatırmaları üçün geniş imkanlar aça bilər.

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən həm də informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə birgə marağın olmasıdır. Bu mənada, xarici işlər nazirlərinin bu dəfəki görüşündə Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Transxəzər Şərq-Qərb Dəhlizindən sərnişin və yük daşımalarının həcminin artırılmasına bütün lazımi dəstəyin verilməsi barədə razılıq əldə olunması olduqca əhəmiyyətlidir. Çünki bununla Bakı-Tbilisi-Qars dəmiryolunun rəqabətədavamlılığı xeyli artacaq və digər alternativlərini geridə qoyaraq bu marşrut üzrə daşımalara maraq və diqqətin yüksəlməsinə səbəb olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının davamı olaraq İstanbulda Marmaray layihəsi yekunlaşdıqda isə Pekinlə London arasında davamlı və fasiləsiz nəqliyyat formalaşdırılacaq.

Bütün bunlar isə Azərbaycanın təşəbbüsü ilə indiyədək reallaşan bütün irimiqyaslı regional nəqliyyat və enerji layihələrində başlıca tərəfdaşlarımız olan Türkiyə və Gürcüstanın həmin layihələrin uğuru və region üçün iqtisadi faydalarının fərqində olaraq, gələcəkdə yeni layihələrin birləşdirilməsi yolu ilə onların şaxələndirilməsi məsələsində də təzyiqlərə rəğmən, birmənalı şəkildə rəsmi Bakının yanında olmalarını təmin edəcək. Bu da gələcəkdə Xəzərin dibi ilə Türkmənistandan boru kəməri çəkilərək Cənub Qaz Dəhlizinə birləşdirilməsi və Azərbaycanın geostrateji əhəmiyyətinin artması istiqamətində böyük dəstək ola bilər.

Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığını Türkiyə, Azərbaycan və İran üçtərəfli formatından fərqləndirən digər mühüm cəhət də budur. Çünki sirr deyil ki, Tehran hələ uzun illər öncə Xəzərdə Qərb şirkətlərinin iştirakına qarşı idi və tarix göstərib ki, İran öz şimalında güclü Azərbaycan dövlətinin mövcudluğuna müsbət yanaşmayıb. Buna səbəb isə, Cənubi Azərbaycan məsələsində Tehranın ehtiyat etməsidir. Lakin rəsmi Bakı dəfələrlə bəyan edib ki, İranla münasibətlərini mehriban qonşuluq və qarşılıqlı etimad prinsipləri üzərində qurub və bundan sonra da belə olacaq. İran həm də Rusiya ilə strateji əlaqələrinə xələl gətirməmək üçün Transxəzər enerji layihəsinə o qədər də müsbət yanaşmır. Burada həmçinin, Avropa kimi iri enerji bazarında rəqabət amili də az rol oynamır.

Lakin İran da regionun digər ölkələri kimi sabitlik və inkişafda maraqlıdır. Elə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşündən dərhal sonra Azərbaycan-Türkiyə-İran formatında oxşar görüşün keçirilməsi də indiki geosiyasi reallıqda regionun təhlükəsizliyi və potensial risklərin dəf edilərək inkişafa aparan əməkdaşlığın bu 3 ölkə üçün prioritet olduğunu göstərdi.

Bu kontekstdə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Tehranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının əhəmiyyətini vurğulayaraq, sənədin uğurla həyata keçirilməsi üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsininin vacibliyini qeyd ediblər. Bundan çıxış edərək görüşdə tərəflər Azərbaycan, Türkiyə və İran arasında ticarət və kommersiya əlaqələrinin inkişafına mənfi təsir göstədiyi üçün birtərəfli sanksiyaları pisləyiblər. Həmçinin, üçtərəfli görüş zamanı nazirlər Azərbaycan, İran və Türkiyə arasında ticarət mübadiləsinin milli valyuta ilə həyata keçirilməsi barədə də razılığa gəliblər.

Türkiyə və Azərbaycan İrana qarşı sanksiyalara qoşulmayacaqlarını dəfələrlə bəyan ediblər. Elə ABŞ-ın əvvəlki administrasiyaları dövründə də ölkələrimiz bu mövqeyə sadiq olublar. Bütün bunlar rəsmi Bakı və Ankaranın sanksiyalarla üzləşən Tehrana siyasi dəstəyi olmaqla yanaşı, Azərbaycanla Türkiyənin olduqca mürəkkəb geosiyasi oyunların getdiyi regionun sabitliyində nə qədər maraqlı olduğunu sübut edir. Rəsmi Bakının bu dəstəyi həm də İranda yaşayan 30 milyondan çox soydaşımızın rifahı naminədir.

Bununla da Azərbaycan müsəlman ölkəsi olmasına rəğmən indiyədək ermənipərəst mövqeyilə seçilən İranı həm də bir növ “vicdanı” ilə üz-üzə qoyaraq “siyasi peşmançılığa” dəvət etmiş olur. Və məhz son illərdə bu cür əməkdaşlıq formatları sayəsində rəsmi Bakı Tehranı Azərbaycanın regionda onun üçün ən təhlükəsiz ölkə və ən faydalı tərəfdaş olduğuna inandıra bilib. Bu səbəbdəndir ki, İran Azərbaycanla birgə həyata keçirdiyi iqtisadi layihələrin uğuruna çalışır və digər çoxtərəfli perspektivləri də dəyərləndirir. Nazirlərin üçtərəfli görüşündə ölkələrimiz arasında bağlılığı artırmaq üçün genişmiqyaslı layihələrin əhəmiyyətinin vurğulanması və bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolunun təqdim etdiyi və hər üç ölkə üçün faydalı olacaq potensialdan tam istifadə etmək barədə qərar verilməsi, o cümlədən də, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımlar atılmasının vacibliyinə dair verilən bəyanatlar olduqca önəmlidir.

Rəsmi Bakının üçtərəfli əməkdaşlıq formatları çərçivəsində ən başlıca nailiyyəti isə keçirilən görüşlərin yekununda qəbul olunan sənədlərdə Türkiyə, Gürcüstan və İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək əsasında həllinə tərəfdar olduqlarını bildirmələridir. Həmçinin, üçtərəfli görüşlərdə tərəflərin bir-birinin daxili işlərinə qarışmayacaqlarına dair götürdükləri öhdəliklər də olduqca əhəmiyyətlidir. Çünki bu, strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqda ölkələrimiz arasındakı etimadı daha da gücləndirir. Bütün bunlar isə ümumilikdə regiona doğru hədəflənən transmilli təhdidlərə və təzyiqlərə qarşı birgə mübarizənin effektivliyini artırmış olur.

Xüsusi vurğulanmağa layiq məqam isə odur ki, Azərbaycan-Gürcüstan-Türkiyə və Türkiyə-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatında əldə olunan nailiyyətlər gələcəkdə dördtərəfli və hətta daha geniş tərkibli formata köçürülməklə çoxları üçün mümkünsüz görünən digər irimiqyaslı regional və qlobal layihələrin icrasını reallığa çevirəcək baza rolunu oynaya bilər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   Gürcüstan   İran  





Xəbər lenti