Nobel mükafatlı alman fiziki Bakıda

  29 Oktyabr 2013    Oxunub : 698
Nobel mükafatlı alman fiziki Bakıda
BDU-nun rektoru, akademik Abel Məhərrəmov alman fiziki, Nobel mükafatı laureatı Klaus fon-Klitsing ilə görüşüb.

Universitet haqqında məşhur alimə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Bildirib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Almaniya universitetləri ilə də səmərəli ikitərəfli əlaqələr qurub və bu münasibətləri daha da genişləndirmək niyyətindədir.

Daha sonra alim BDU-nun akt zalında "Kəsrli kvant Holl effektinin yeni tətbiqləri" mövzusunda mühazirə oxuyub və tələbələrin verdiyi suallara ətraflı cavab verib. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan qonaq, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət verib. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də verib.
Qeyd etmək lazımdır ki, Klaus fon-Klitsingin əsas tədqiqat istiqamətləri kondensiyalaşmış maddələrin və kiçik ölçülü sistemlərin fizikasıdır. O, 1979-cu ildə Qrenoblda silisiumlu sahə tranzistorunda Xoll effektinin araşdırılması üzrə bir sıra təcrübələr keçirib və bu təcrübələr nəticəsində Xollun tam ədədli kvant effektini açıb. Təcrübələrin nəticəsi « Physical Review Letters » jurnalında 1980-ci ildə nəşr edilib. Hazırda o, iki ölçülü qazın maqnetomüqavimətinin osillyasiyası məsələsi ilə məşğuldur.

AzVision.az

Teqlər: