ANAMA-nın iti ilin qalibi oldu - FOTO

ANAMA-nın iti ilin qalibi oldu -  FOTO
  26 Oktyabr 2018    Oxunub:1929
ANAMA-nın Mina Axtaran İti (MAİ) minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə 2018-ci ilin qalibi seçilib.
Azvision.az xəbər verir ki, ANAMA-nın Mina Axtaran İtlər (MAİ) Qrupunun MAİ bələdçisi Vahid Məmmədov və ESGİMO-Rocket adlı MAİ Amerika Birləşmiş Ştatlarının Marşal İrsi İnstitutu (MLİ) tərəfindən hər il keçirilən yarışmada minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə 2018-ci il üzrə qalib olub.



ESGİMO-Rocket 2014-cü ildən indiyədək Azərbaycanın Ağcabədi, Ağdam, Tərtər, Füzuli,Goranboy, Ağstafa və Cəbrayıl kimi müxtəlif regionlarında 166 373 kvadrat metrdən çox ərazini yoxlayıb, onlarla piyada əleyhinə mina, tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edib. 2018-ci il 24 oktyabr tarixində ANAMA Direktoru Qəzənfər Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti (ESGİMO-Rocket daxil olmaqla) ABŞ-ın Vaşinqton şəhərində keçirilən “Cığırın Təmizlənməsi” adlı Qala gecəsinin 21-ci ildönümündə iştirak ediblər.

WUSA 9 News kanalının aparıcısı və məşhur televiziya jurnalisti xanım Andrea McCarrenin aparıcılıq etdiyi qala gecəsində ABŞ Dövlət Departamentinin Hərbi-Siyası Bürosunun Silahların İxtisarı və Ləğvi bölməsinin rəis müavini cənab Steven Kostner, ABŞ Müdafiə Departamentinin Sabitlik və humanitar məsələlər üzrə müdafiə katibinin müavini cənab Mark Svayne, ABŞ-ın Senatoru Mayk Enzi, Bosniya və Hersoqovinanın, Sarayeva şəhərinin meri cənab Abdulah Skaka, Marşal İrsi İnstitutunun prezidenti cənab Perri Baltimor, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin əməkdaşları, ABŞ konqresmenləri, ABŞ-da akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də humanitar mina aksiyasına maliyyə yardımı ayıran bir çox donor ölkələr və təşkilatların nümayəndələri iştirak ediblər.



Tədbirdə Agentliyin həm ölkə, həm də ölkə xaricindəki fəaliyyəti yüksək qiymətləndirilib, regionda minatəmizləmə üzrə lider statusuna və güclü nüfuza malik olması qeyd olunub. Agentlik 2005-ci ildən başlayaraq indiyədək ABŞ-nın Marşal İrsi İnstitutu ilə əməkdaşlıq edir. ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu Azərbaycan minatəmizləmə proqramına 36 minaaxtaran it hədiyyə edib və təlim keçib.

Qeyd edək ki, ABŞ-nın Marşal İrsi İnstitutu tərəfindən 2013-cü il üzrə aparılan seçimdə ANAMA-nın MAİ bələdçisi Mansur Aslanov və onun Niko adlı minaaxtaran iti qalib seçilib.

Azvision.az


Teqlər: ANAMA   Axtarış-iti  





Xəbər lenti