Azərbaycanda 15 mindən çox əcnəbi təhsil alıb - FOTOLAR

 Azərbaycanda 15 mindən çox əcnəbi təhsil alıb -  FOTOLAR
  26 Oktyabr 2018    Oxunub:3226
VI Bakı Beynəlxalq Humanitar Formu davam edir.

Azvision.az xəbər verir ki, forumun ikinci günündə ADA Universitetində "Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru" mövzusunda dəyirmi masa keçirilib.


Əvvəlcə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini Hikmət Hacıyev dəyirmi masa iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini oxuyub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında bildirib ki, müxtəlif illərdə Azərbaycan universitetlərində 90 ölkəni təmsil edən 15 mindən artıq əcnəbi təhsil alıb:



"Ölkəmizdə "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın yaradılması çox vacib addımdır. Bu gün bir çox xarici ölkələrin tələbələri Azərbaycanda təhsil alır. Bu baxımdan xarici tələbələrin ADA Universitetində oxuması təsadüfi deyil. Çünki bu ali məktəb özünü artıq dünyaya tanıda bilib. Eyni sözü Azərbaycan Dövlət Neft və Sənaye Universiteti haqqında da deyə bilərəm".



ADA Universitetinin rektoru Hafiz Paşayev deyib ki, hazırda rəhbərlik etdiyi ali təhsil ocağında 40 ölkədən 99 tələbə oxuyur.

ADA Universitetinin çox yaxşı akademik nailiyyətlər əldə etdiyini deyən rektor Azərbaycanda yaxşı kadrların olduğunu, ona görə də gələcəyə ümidlə baxdıqlarını söyləyib.



Daha sonra təhsil naziri Ceyhun Bayramov çıxış edib. O, deyib ki, təhsilə qoyulan sərmayə hər il ölkəyə 10 faiz əlavə gəlir gətirir: "Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son illərdə insanların ali təhsil almaq imkanları daha da yaxşılaşır. Azərbaycanda çox yaxşı təhsil islahatları aparılır".

C.Bayramov bildirib ki, hazırda ölkəmizdə 6000-dən çox xarici tələbə təhsil alır. Onun sözlərinə görə, beynəlxalq təqaüdlərin sayının artması Azərbaycanda təhsil alan xarici tələbələrin sayını daha da artıracaq.



Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə çıxışında deyib ki, Bakı Humanitar Forumuna dünya səviyyəsində yüksək maraq göstərilir: "İctimai tərəqqinin əsas təkanverici qüvvəsi elmdir. Elm cəmiyyətin problemlərinin həllinə çox kömək edə bilər. Ümumiyyətlə, 21-ci əsr fizika əsri adlandırılır. Lakin biologiya sahəsi getdikcə daha çox dəyər qazanmağa başlayıb. Biologiya sahəsində olan tədqiqatlar dəfələrlə çoxalıb. Yaxın illərdə molekulyar biologiya sahəsində də ciddi irəliləyişlər gözlənilir. Bu gün İKT-nın inkişafı bizim həyatımıza çox təsir edib. Bütün dünyada humanitar elmlərə daha az diqqət göstərilməyə başlanılıb. Texniki sahələrə isə diqqət artıb".



Akif Əlizadə qeyd edib ki, Ermənistan 25 ildir Azərbaycan ərazilərinin 20 faizini işğal edib: "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin sayı 1 milyondan artıqdır. Azərbaycan qaçqın və məcburi köçkünlər üçün son 15 ildə 6 milyard dollar pul xərcləyib. Bu məbləğ onların həyat səviyyəsinə, təhsil almalarına xərclənib.



Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, humanitar forumun əsas məqsədlərindən biri insanlar arasında dialoqun qurulmasıdır. Onun sözlərinə görə, qarşıda duran əsas vəzifə diaspor komitələri ilə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirməkdir:

"Bunun üçün şəbəkələndirmənin gücləndirilməsi vacibdir. Xaricdə yaşayan ziyalı, intellektual azərbaycanlılarla əlaqələrin yaradılması çox önəmlidir. Bizim üçün vacibdir ki, xaricdə yaşayan azərbaycanlılar öz övladlarına Azərbaycan dilini və tarixini öyrətsinlər".

Daha sonra Xarici Işlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası"nın təqdimatı keçirilib.







Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Forum  





Xəbər lenti