Metropolitendə tələbələrlə görüş keçirilib

Metropolitendə tələbələrlə görüş keçirilib
  19 Oktyabr 2018    Oxunub:5296
Bu gün "Bakı Metropoliteni" QSC-də metropolitençilərin 500 və daha yüksək balla ali məktəblərə daxil olmuş övladları ilə görüş keçirilib.
Qurumdan Azvision.az-a verilən məlumata görə, “Bakı Metropoliteni” QSC-də işçilərin sosial rifahının gücləndirilməsi istiqamətində davamlı aparılan işin tərkib hissəsi olan bu tədbirin məqsədi metropolitençi ailələrində yetişən gənc nəslin təmsilçilərinin biliyə, təhsilə, elmə marağını həvəsini artırmaq, onların qayğılarını diqqət mərkəzində saxlayaraq gələcək uğurlarına inam hissi yaratmaq və stimul verməkdir.



"Bakı Metropoliteni" QSC-nin texnoloji korpusunda təşkil edilmiş tədbirdə səhmdar cəmiyyətin sədr müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, tədbirin səbəbkarı olan 27 tələbə, onların valideynləri və metropolitenin sosial həyatında fəal olan işçilər iştirak ediblər. Tədbirdə dəvət olunmuş qonaq qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi aparat rəhbərinin müavini Yaqub Piriyev iştirak edib.



Rəhbərlik adından tələbə adını qazanmış metropolitençi övladlarını salamlayaraq təbrik edən Tərlan Dadaşov tədbirin 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə qeyd edilməsinin rəmzi xarakter daşıdığını vurğulayaraq bildirib ki, hər bir dövlət üçün gələcəyin rəmzi məhz gənclərdir. O, dövlət müstəqilliyinin əldə edilməsinin ictimai-siyasi əhəmiyyəti, "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra müəssisədə həyata keçirilən sosial, o cümlədən korporativ sosial məsuliyyət çərçivəsində tədbirlər haqqında məlumat verib, gənc kadrların hazırlanması sahəsində görülən işlərdən bəhs edib. Meropolitenin profilinə uyğun sənətlər üzrə təhsil alan tələbələrin QSC rəhbərliyi tərəfindən xüsusi nəzarət altında saxlandığını və gələcəkdə bu kadrların metroda çalışması üçün hər bir imkanların yaradıldığını söyləyib. QSC sədrinin müavini Hidayət Məmmədov son illərdə metroda həyata keçirilən innovativ yeniliklərdən, Bakı metrosunun dünya metropolitenləri ailəsində, inkişafın səviyyəsinə görə, yüksək məqamlara nail olduğundan danışıb və yeniliklərin tətbiqində gənclərə böyük ümidlər bəsləndiyini xüsusi vurğulayıb.



Təhsil Nazirliyinin nümayəndəsi Yaqub Piriyev də tələbələri səmimi sözlərlə təbrik edib. Çıxışçı Azərbaycanın təhsil sahəsindəki inkişafı, dünyada ən mütərəqqi təhsil metodlarının tətbiqi, ali məktəblərdə sənayenin hər bir sahəsi, eləcə də nəqliyyat sektoru üçün savadlı mütəxəssislərin hazırlanması sahəsində əldə edilən nailiyyətlər barədə məlumat verib. MİHİ sədri Arif Mərdanov tələbələri təbrik edərək, tövsiyələrini verib və Azərbaycana
hərtərəfli inkişaf etmiş gənclərin lazım olduğunu qeyd edib. O, həmkarlar ittifaqının sosial layihələrindən bəhs edərək, bu xüsusda 600 və daha yüksək balla ali məktəblərə daxil olmuş metropolitençi ailələrinin övladları ilə rəhbərlik etdiyi təşkilatda görüşlərin ənənəsinin 2015-ci ildən qoyulduğunu diqqətə çatdırıb.



Sonra səbəbkarlara qiymətli hədiyyələr təqdim edilib. Tədbirdə çıxış edən valideynlər və tələbə adını qazanmış gənclər başda QSC sədri Zaur Hüseynov olmaqla, metropoliten rəhbərliyinə və mehriban kollektivinə təşəkkürlərini bildiriblər. Tədbir elektromexanika xidmətinin əməkdaşı Mətanət Məmmədovanın 3 tələbə və
magistraturaya daxil olmuş metropolitençi – nasos sahəsinin elektrik mexaniki Həbib Abbaszadə ilə hazırladığı “Zaman və biz” ədəbi kompozisiyasının təqdimatı ilə sona çatıb.

Azvision.az


Teqlər: Metro   Tələbə   Görüş  





Xəbər lenti