“Cəbhə bölgəsindəki sakitlik müvəqqətidir” - Polkovnik

“Cəbhə bölgəsindəki sakitlik müvəqqətidir” - Polkovnik
  15 Oktyabr 2018    Oxunub:1458
Oktyabr ayının əvvəlindən bu günə qədər cəbhə xəttində atəşkəs rejiminin pozulması halları azalıb. Belə ki, bundan əvvəl atəşkəs gün ərzində minimum 90-100 dəfə pozulurdusa, hazırda bu rəqəm 20-30 arasında dəyişir.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az–a açıqlamasında bildirib ki, həmişə atəşkəsin pozulmasının səbəbkarı qarşı tərəf olub və ordumuz cavab atəşi açmaqla düşməni susdurub.

Polkovnikin sözlərinə görə, atəşkəs pozulmalarının azalması siyasi səbəblərlə əlaqədardır: “Son bir ay ərzində siyasi görüşlər keçirildi. Beynəlxalq qurumların, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatçı bəyanatları var idi. Prezident İlham Əliyev isə çıxışlarında Ermənistana faciə gətirəcək bəyənatlara son qoyulmasına çağırış edib. Dövlət başçısı xəbərdarlıq etmişdi ki, bundan sonra cəbhə bölgəsində yaranmış hər hansı vəziyyətə cavabdehlik Ermənistan tərəfində olacaq. Bundan sonra beynəlxalq qurumlar da fəallaşdı. Paşinyan məcbur oldu ki, masa arxasına otursun. Düşünürəm ki, bu barədə ciddi söhbətlər olub. Prezident İlham Əliyev öz mövqeyini qəti şəkildə bildirib. Ölkə başçısı Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyini ifşa edib və ciddi formada danışıqlar aparılıb. Bundan sonra onlar atəşkəsin pozulmasına və cəbhə bölgəsində gərginliyin azalmasına nəzarət edəcəklərinə söz veriblər. Həmçinin Ermənistan rəhbərliyi real vəziyyəti nəzərə alaraq sərt ifadələr işlətməkdən çəkinib”.

Ş.Ramaldanov hesab edir ki, cəbhə bölgəsindəki sakitlik müvəqqətidir. Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş torpaqları azad edilmiyənədək cəbhə bölgəsində gərginlik azalıb-artacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ramaldanov   Polkovnik   Cəbhə  





Xəbər lenti