Deputat AŞPA-da erməni həmkarını susdurdu

Deputat AŞPA-da erməni həmkarını susdurdu
  11 Oktyabr 2018    Oxunub:1993
Milli Məclisin deputatı, AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Assambleyada məruzəçi Frank Şvabenin hazırladığı “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan nümayəndə heyətinin üzvlərinə sərt cavab verib.
AzVision.az-ın məlumatına görə, o deyib ki, Azərbaycan torpaqlarının 20 faizi 25 ildir Ermənistanın işğalı altındadır və rəsmi Yerevan AŞPA, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, işğal etdiyi torpaqlardan bu günə qədər geri çəkilməyib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, yəni, məruzəçinin "boz zona" adlandırdığı bölgələrdə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları o ərazilərdən zorla qovub.

"İyirmi beş ildir ki, 1 milyon azərbaycanlı məcburi köçkün həyatı yaşayaraq öz evlərinə qayıda bilmir. Yəni, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Krımdakı vəziyyətdən çox fərqlidir. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bir nəfər də olsun azərbaycanlı yaşamır. Orada, sadəcə, separatçılar, terrorçular, Ermənistan əsgərləri var. Yəni, məruzəçinin “boz zona” adlandırdığı həmin bölgələrdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozanlar yaşayırlar. Beynəlxalq insan haqları müdafiəçiləri, BMT, AŞPA təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan köçkünlərlə görüşməlidir, “boz zona”da onları köçkün salan işğalçılarla, separatçılarla, terrorçularla, əsgərlərlə deyil. Digər tərəfdən, Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq sənədlərə, həm də Azərbaycan qanunvericiliyinə ziddir.

Siz Azərbaycan Xarici İşlər Nazirliyinin saytında Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altındakı ərazilərinə, yəni “boz zonalar”a səfər edənlərin adlarına və saylarına baxa bilərsiniz. Onların çoxu Avropa Şurasının üzvü olan ölkələrin təmsilçiləridir. Onların işğal altında olan ərazilərdə verdiyi açıqlamalara baxsanız görərsiniz ki, bunlar işğalçıya dəstək xarakteri daşıyır və ya işğalı legitimləşdirmək mahiyyətindədir. Belə insanların arasında Assambleyamızın bəzi üzvləri də olub. Amma Assambleyamız bu günə qədər onların kobud qanun və beynəlxalq hüquq normaları pozuntusu olan addımlarına qarşı hansı tədbirlər görüb? Heç bir tədbir görməyib. Bütün bunlardan sonra təbii ki, belə bir sənədin qəbulunun gələcəkdə yarada biləcəyi ciddi problemlərdən narahatıq. İşğal edilmiş əraziləri, “boz zonalar”ı nəzarətdə saxlayan işğalçı, separatçı, terrorçular bu günə qədər beynəlxalq təşkilatların, beynəlxalq insan haqları qurumlarının heç bir çağırışına məhəl qoymayıbsa, bu sənədin qəbulundan sonra bu addımı atacaqlarına ümid etmək sadəlövhlük olardı".

Q. Paşayeva bildirib ki, bir neçə il əvvəl ATƏT böyük bir faktaraşdırıcı missiya yaratdı. Həmin missiya Azərbaycanın işğal altındakı ərazilərində, “boz zonalar”da oldu və məruzə hazırladı. Həmin məruzədə bölgəni işğal altında saxlayan separatçı erməni rejiminə, işğalçı Ermənistana çağırışlar var idi. Amma Ermənistan o çağırışların heç birinə əməl etmədi

"Bundan sonra onların insan haqları üzrə nümayəndələrin çağırışlarına əməl edəcəyinə inanmaq, sadəcə, mümkünsüzdür. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz evini ziyarət üçün getmiş iki azərbaycanlını - Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Hətta AŞPA baş katibinin çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad etməkdən imtina edir. AŞPA baş katibinin çağırışlarına məhəl qoymayanların insan haqları üzrə təmsilçilərin çağırışlarına əməl edəcəyini düşünmək sadəlövhlük olardı. Ona görə də işğalçılara qarşı mübarizəmizi sərtləşdirməliyik. Ermənistanın baş naziri Paşinyan öz oğlunu hərbi xidmətə Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır. Ona görə də mən hər kəsi bu məsələyə daha ciddi yanaşmağa və işğalçılara qarşı sərt addımlar atmağa çağırıram. Çünki problemlərin əsas çıxış yolu məhz budur", - deyə Q.Paşayeva qeyd edib.

AzVision.az


Teqlər: AŞPA   Deputat  





Xəbər lenti