Azərsığorta: Şəhid ailələrinə torpaq verilməsi sığorta ödənişi hesab olunmur

Azərsığorta: Şəhid ailələrinə torpaq verilməsi sığorta ödənişi hesab olunmur
  11 Oktyabr 2018    Oxunub:4968
Dövlət Sığorta Kommersiya Təşkilatı (Azərsığorta ) 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş bəzi hərbi qulluqçuların adlarının birdəfəlik ödəmə ilə bağlı sistemdə olmaması məsələsinə aydınlıq gətirib.
Şirkətin sədr müavini Aftandil Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, 1992-ci ildən 1997-ci ilin avqustuna qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələri arasında sığorta ödənişləri alanlar var. Onun sözlərinə görə, bir çoxları bu ödənişi almadıqlarını desələr də, onların adları siyahıda qeyd edilib.

“Bizdə hərbi qulluqçuların qeydiyyatı getmir ki, kimlər hərbi xidmətə gedib, hərbi xidmətdə həlak olub, şəhid olub və ya yaralanıb. Bizə hadisə baş verəndən sonra hərbi qulluqçunun varisləri müraciət edirlər ki, filan vaxtı həlak olub. Həlak olan şəxslərin ölüm sənədini, hərbi xidmətdə olmasını təsdiq edən sənədləri Dövlət Sosial Sığorta Şirkətinin yerlərdəki filialına (hər kəs öz yaşadığı rayon üzrə) təqdim ediblər. Həmin nümayəndəliklər sənədləri toplayıb bizim şirkətə təqdim edirdilər. Şirkət tərəfindən təsdiq olunan sərəncamda yazılır ki, “filankəsin ölümü ilə əlaqədar hesablanmış bu qədər sığorta ödənişini onun varisinə ödəyəsiniz”. Hərbi qulluqçunun ailəsi də bu sığorta məbləğini almaq üçün vərəsəliklə bağlı sənəd alır. Sənəddə də qeyd edilir ki, “50 min və ya 100 min manat sığorta haqqını almaq üçün filankəsə vərəsəlik hüququ verilib”. Rayonda bunun əsasında pulu alırdılar. Şirkətdə bu sənədlər saxlanılmır. Şirkətdə yalnız təsdiq olunub yerlərə göndərilir və rayonlarda da siyahı əsasında sığortalar verilib. Sənədlərin 5-10 il saxlama müddəti var. Çünki “Hərbi qulluqçuların sığortası haqqında” Qanunda iddia müddəti 3 il göstərilib. Vətəndaşlar hərbi xidmətdə olduğu dövrdə aldığı xəsarət və ya ölümlə bağlı 3 il ərzində sığorta məbləğini almaq hüququna malikdir. Sadəcə Konstitusiya Məhkəməsində o müddət aradan götürüldü. Bununla da həmin vaxtı ölmüş və ya itkin dümüş hərbi qulluqçulara birdəfəlik ödəmələrin verilməsi üçün şərait yarandı”.

A.Hacıyev bildirib ki, proses başlayan gündən onlara çoxlu insanlar şikayətə gəlir: “Ödəniş almayan insanın adı necə siyahıya düşə bilər? Bizə müraciət edənlər var və deyirlər ki, “bizə sənəd göstərin ki, biz ora qol çəkib məbləği almışıq”. Bu hesablamalar 20-25 il bundan öncə gedib. O dövrün sənədləri yerli orqanlar tərəfindən arxivlərə təqdim olunub və verilib. Lakin bizdə jurnalda siyahılar var ki, kimə nə qədər ödəniş verilib. Kiminsə atası və ya anası alıb, indi qızı deyir ki, sığorta haqqı almamışıq. Kiminsə narazılığı varsa, Azərbaycan demokratik dövlətdir, məhkəmələrə müraciətlər etsinlər”.

A.Hacıyev bəzi şəhid ailələrinə torpaq verilməsinin sığorta haqqına aid olmadığını vurğulayıb: “Torpaq sığorta ödənişi sayılmır. Sığorta ödənişinə yalnız pul aiddir. Torpaq sahəsi, mülk, digər yardımlar, imtiyazlar, əmlakın sığorta ödənişinə heç bir aidiyyatı yoxdur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərsığorta   Şəhid-ailələri  





Xəbər lenti