Jurnalistin itməsində şahzadənin əli var - Yeni iddia

  11 Oktyabr 2018    Oxunub : 1955
Jurnalistin itməsində şahzadənin əli var - Yeni iddia
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud səudiyyəli müxalif jurnalist Camal Kaşoqini tələyə salaraq həbs etdirmək istəyib.

AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” etibarlı mənbələrinə istinadən yazıb.
Qeyd olunur ki, son aylar Məhəmməd bin Salman dəfələrlə Kaşoqini ölkəyə geri dönməyə çağırıb və hətta onun təhlükəsizliyinə zəmanət də verərək, mühafizə olunacağını vəd edib. Kaşoqiyə Səudiyyə hökumətində yüksək maaşlı iş də təklif ediblər. Məqsəd isə Camalı aldadaraq ölkəyə geri dönməsini təmin etmək və onu həbsə atmaq olub. Bu yolla jurnalistin ələ keçirilməsi üçün vəliəhd şahzadə tabeçiliyində olanlara xüsusi əmr də verib.

Jurnalist həmkarlarının dediyinə görə, bu səbəbdən Kaşoqi həmin təkliflərə çox şübhəli yanaşıb və Səudiyyəyə geri dönməkdən ehtiyatlanıb.

“The Washington Post”un yazdığına görə, bütün bunlar Səudiyyənin yüksək vəzifəli məmurlarının Camalın yoxa çıxmasında birbaşa əli olduğunu sübut edir.



Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Hətta onun doğranılaraq öldürülməsi barədə məlumatlar da yayılıb.

“Reuters” türk polisinə istinadən yazıb ki, jurnalist Səudiyyə Konsulluğunda öldürülüb və daha sonra cəsədi oradan kənara çıxarılıb. Hətta qətlin əvvəlcədən planlaşdırıldığı iddia edilib. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib.

Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Səudiyyə   Türkiyə