“Paris artıq Bakıya ehtiyac duyur” - Məşhur ekspertin Qarabağ şərhi

“Paris artıq Bakıya ehtiyac duyur” - Məşhur ekspertin Qarabağ şərhi
  11 Oktyabr 2018    Oxunub:3407
"Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə dair öhdəlik götürən ATƏT-in Minsk qrupunun həmsədri olaraq qalır. Amma buna rəğmən, son 10 ildə Paris özünü Qarabağ münaqişəsinin sülhlə nizamlanmasından faktiki olaraq kənarlaşdırılmış hiss edir"
AzVision.az xəbər verir ki, bunu rusiyalı politoloq, Valday klubunun eksperti, Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi işçisi, Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti və beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko “Moskva-Bakı” portalına müsahibəsində deyib.

Fenenkonun sözlərinə görə, indiyədək Qarabağ münaqişəsinin nizamlanması ilə əslində, Moskva və Vaşinqton məşğul olub: “Paris isə həmişə ehtiyat oturacağın harasındasa əyləşib. Amma indi Paşinyanla Armen Sarkisyanın hakimiyyətə gəlməsindən sonra fransızlar ənənəvi “irsi mülkiyyətindən” – Ermənistanda sıxışdırılıb çıxarıldıqlarını hiss edirlər. Çünki Ermənistanda Amerikanın təsiri qəfil möhkəmlənməyə, Almaniyanın qeyri-kommersiya təşkilatları və alman biznesinin buradakı mövqeləri isə güclənməyə başlayıb. Belə vəziyyətdə, fansızlar artıqdır”.



Rusiyalı politoloqun fikrincə, regionda ABŞ və Almaniyaya məğlub olmağa başladığını dərk edən Paris Cənubi Qafqaza geri dönmək üçün Bakıya üz tutmağa başlayıb.

Fenenko hesab edir ki, İrəvanın və Fransadakı güclü erməni lobbisinin etirazına baxmayaraq, Azərbaycan prezident İlham Əliyevin iyulda Parisə səfəri öncəsi fransalı həmkarı Emmanuel Makronun 1990-cı illərin əvvəllərindən bəri Azərbaycana silah satışını qadağan edən embarqonu ləğv etməsi və nəticədə, Fransadan 3 ədəd "OPV-90" hərbi patrul gəmisi alınmasını nəzərdə tutan, ümumi dəyəri 500 milyon avro dəyərində müqavilənin imzalanma perspektivi, hətta gəmilərin Azərbaycanda müştərək istehsalına dair ikitərəfli danışıqların aparılması buna nümunədir. Yəni indiyədək ermənipərəst mövqeyilə seçilən Parisin artıq Bakıya ehtiyac duyduğu ortaya çıxır.



Rusiyalı politoloqun sözlərindən belə aydın olur ki, proseslərin bu cür inkişafı regionda Azərbaycanın üstünlüyünü və artıq diktə edən tərəf kimi Bakının geosiyasi çəkisini bir qədər də artıracaq.

“Görünür, daha Fransanı Cənubi Qafqazda sırf ermənipərəst kurs yeridən bir ölkə hesab etmək olmaz. Yəqin ki, yaxın gələcəkdə Parislə Bakının münasibətləri yaxşılaşacaq. Lakin məsələnin digər tərəfi odur ki, Fransa silahdan başqa real olaraq Azərbaycana nə təklif edə bilər?”, – deyə Fenenko vurğulayıb.

Onun fikrincə, Parisin Azərbaycana ehtiyacı həm də ABŞ, Rusiya, qismən də Böyük Britaniya və İsrail tərəfindən getdikcə qlobal silah bazarından sıxışdırılan Fransanın Azərbaycanla hərbi əməkdaşlıq vasitəsilə bu sahədəki imicinin bərpa etmək istəyilə izah olunur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Paris   Fransa   Qarabağ  





Xəbər lenti