Ankara səudiyyəli jurnalistin axtarışı üçün rəsmi müraciət edib

Ankara səudiyyəli jurnalistin axtarışı üçün rəsmi müraciət edib
  08 Oktyabr 2018    Oxunub:3707
Türkiyədə itən jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarılmasına icazə verilməsi üçün Ankara Ər-Riyada rəsmi müraciət göndərib.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Camalın yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Valid Abdul Kərim ötən gün yenə Türkiyə XİN-ə çağırılıb və məsələyə aydınlıq gətirməsi tələb olunub.
Qeyd edək ki, Türkiyə polisindəki mənbələrinə istinad edən “Reuters” jurnalistin öldürüldüyünü və bu səbəbdən də, artıq 6 gündür ondan xəbər çıxmadığını iddia edib. Qeyd olunub ki, polis sonuncu dəfə Camalın Səudiyyə Konsulluğuna girdiyini kameralar vasitəsilə təsbit edib. Lakin ondan sonra heç yerdə görüntülənməyib.

“Reuters” yazır ki, jurnalist Səudiyyə Konsulluğunda öldürülüb və daha sonra cəsədi oradan kənara çıxarılıb. Hətta qətlin əvvəlcədən planlaşdırıldığı iddia edilir. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalistin müəmmalı şəkildə yoxa çıxması və ölümü ilə bağlı iddialarla əlaqədar prokurorluğun qərarını gözlədiyini deyib. Onun köməkçisi Yasin Aktay isə bu işdə Səudiyyə Ərəbistanından olan 15 nəfərin əli olduğunu istisna etməyib.

Xatırladaq ki, 2 oktyabrda “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və üzərindən 5 saat keçdikdən sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan etibarən neçə gündür Camalın yoxa çıxdığını deyib. Onun sözlərinə görə, səudiyyəli jurnalist hələ də konsulluqda, yaxud Səudiyyənin Ankaradakı səfirliyində saxlanılır.

Məsələ ilə əlaqədar Türkiyə XİN-ə çağırılan Səudiyyə səfiri Valid Abdul Kərim bildirib ki, jurnalistin harada olduğuna dair heç bir məlumatı yoxdur. Lakin Türkiyədəki Ərəb KİV-ləri Assossiasiyasının sədri Turan Qışlaqcı bəyan edib ki, Səudiyyə Ərəbistanı digər ölkələrdəki səfirliklərindən Ər-Riyadın siyasətindən narazı olan müxalifət qüvvələrinin oğurluğu məqsədilə istifadə edir. Onun sözlərinə görə, bu kimi hallar artıq İsveçrə, Böyük Britaniya və Fransada baş verib.

Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   Türkyə  





Xəbər lenti